DÜNYA
E.ŞEVARDNADZE GÜRCÜSTANI HƏMİŞƏLİK TƏRK ETMƏK NİYYƏTİNDƏ DEYİL
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bildirmişdir ki, ölkəni həmişəlik tərk etmək niyyətində deyildir. O, Tbilisidə çıxan “Asaval-dasavali” qəzetinə müsahibəsində demişdir: “Bir neçə ölkənin rəhbərləri mənə sığınacaq verməyə hazırdırlar, lakin mənim buna ehtiyacım yoxdur. Mən Gürcüstan övladıyam və ona görə də buradan həmişəlik getmək fikrində deyiləm”.
Gürcüstanın yeni rəhbərliyi tərəfindən toxunulmazlığa təminat barədə sualın cavabında Şevardnadze bəyan etmişdir: “Mənə yazılı təminat verməmişlər”.
Xatırladaq ki, son aylar Gürcüstan rəhbərləri Şevardnadzeyə ölkədə normal həyat üçün hər cür şərait yaradacaqlarını dəfələrlə bəyan etmişlər. Məsələn, Prezident Mixail Saakaşvilinin mətbuat xidməti fevralın 20-də rəsmən bildirmişdir ki, “Şevardnadzenin taleyi vergi ödəməkdən yayınmaqda təqsirli bilinərək həbsə alınan kürəkəni, biznesmen Giya Coxtaberidzenin taleyi kimi olmayacaqdır”. Sənəddə vurğulanır ki, hökumət sabiq prezidentin toxunulmazlığını qəti olaraq qanuniləşdirmək xahişi ilə yaxın vaxtlarda Gürcüstan parlamentinə müraciət edəcəkdir.