RƏSMİ XRONİKA
ETİMADNAMƏ TƏQDİM OLUNMUŞDUR
Martın 26-da Vatikanın Azərbaycandakı birinci apostol nunsisi (səfiri) Jan-Pol Qobel öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə təqdim etmişdir. Səfir demişdir ki, öz ölkəsinin Azərbaycanda səlahiyyətli nümayəndəsi təyin olunmasından çox məmnundur və dövlətlərimiz arasında dostluq münasibətləri yaradılması üçün əlindən gələni edəcəkdir.
Heydər Əliyev Jan-Pol Qobeli Vatikanın Azərbaycandakı diplomatik nümayəndəliyinin başçısı kimi fəaliyyətə başlaması münasibətilə təbrik edək bildirmişdir ki, hazırda iki ölkə arasında əməkdaşlığın əsası qoyulur. Prezident Vatikanın respublikamızla diplomatik əlaqələr yaratmasını Roma papası zati-müqəddəsləri II İoann Pavelin Azərbaycana xoş münasibətinin təzahürü kimi qiymətləndirmişdir.
Qəbul zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə ətraflı söhbət olmuşdur.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri