DÜNYA
ETNA VULKANI YENİDƏN PÜSKÜRMÜŞDÜR
Etna vulkanının püskürdüyü vulkan külü oktyabrın son günlərində olduğu kimi, yenə də Siciliyanın Kataniya şəhərinə tökülməyə başlamışdır. Yerli hava limanında bir neçə reys təxirə salınmışdır. Yaxınlıqdakı Siqonella hərbi aerodromu bağlanmışdır. Burada uçuş-enmə zolaqları küldən təmizlənir.
Dağın şərq yamaclarından aramsız olaraq lava kütləsi axmaqdadır. Mülki müdafiə xidmətinin gördüyü tədbirlər sayəsində ”Sapyentsa” turist mərkəzinin məhv olmaq təhlükəsini sovuşdurmaq mümkün olmuşdur.
İTAR-TASS-ın verdiyi xəbərə görə, vulkanoloq ekspertlər bildirmişlər ki, Etna 1990-cı illərin axırlarındakı olmuş əvvəlki püsgürmələrə nisbətən indi daha fəaldır və bu, Yer kürəsinin həmin bölgəsinin təkindəki maqmatik proseslərin gücləndiyini göstərir. Püsgürmənin bir neçə həftədən bir neçə ayadək davam edə biləcəyi ehtimal olunur.