SİYASƏT
ETSN: Ermənistanın təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə zərbə vuran bu əməllərini qətiyyətlə pisləyirik
Bakı, 11 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ermənistanın humanitar atəşkəsin tələblərinə zidd olaraq Azərbaycan ərazilərini atəşə tutması və törətdiyi vandalizmlə bağlı bəyanat yayıb.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda qeyd edilir ki, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, habelə oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan və müxtəlif raket sistemlərindən atəşə tutmağa davam edir.
Düşmənin silahlı qüvvələri oktyabrın 11-də Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını və Su anbarını hədəfə almaqla, cəbhə zonasından 100 kilometrdən artıq uzaqlıqda yerləşən iri sənaye şəhəri Mingəçevirə və eyni zamanda, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raketlər atıb.
Mingəçevir su anbarı Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən iri sututarlarından biridir. Düşmən tərəfindən su anbarının raket atəşinə tutulması və ekoloji fəlakətlərə səbəb olacaq hərəkətlərə əl atması bir çox beynəlxalq konvensiya və qərarların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji Müxtəliflik haqqında və eyni zamanda, Səhralaşmaya, torpaqların deqradasiyasına qarşı mübarizə Konvensiyalarından irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır.
Hərbi əməliyyatlar keçirilən bölgədən uzaqda, Gəncə şəhərində mülki əhaliyə qarşı dağıdıcı raketlərdən istifadə etməklə dinc əhalinin ölümünə səbəb olmaq isə insanlığa qarşı edilən ən böyük cinayətdir.
Ermənistan silahlı qüvvələrinin təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə zərbə vuran bu əməllərini qətiyyətlə pisləyirik.
Dünyanın beynəlxalq ekoloji və humanitar təşkilatlarını işğalçı Ermənistanı insan haqlarına, beynəlxalq təbiəti mühafizə tələblərinə və beynəlxalq öhdəliklərinə riayət olunmasına məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq.