İDMAN


“EYOF 2019”: İkinci günün atletika yarışlarında axşam sessiyasına yekun vurulub

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışların ikinci gününün axşam sessiyasında 8 növdə final yarışları keçirilib.

Oğlanların 100 metr məsafəyə qaçış yarışında qızıl medalı Türkiyə təmsilçisi Umut Uysal (10,47 saniyə) qazanıb. Gümüş medala Matteo Melluzzo (İtaliya), bürünc medala isə Feliks Kunstein (Almaniya) layiq görülüb.

Qızların 100 metr məsafəyə qaçışında isə Rasidat Adeleke (İrlandiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə Yohanna Kilmanen (Finlandiya), üçüncü pillədə isə Çeyenne Kuhn (Almaniya) qərarlaşıb.

İspaniyalı atlet Mario Revenqa oğlanlar arasında 110 metr məsafəyə maneələrlə qaçış yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çexiyalı Tomas Oberndorfer ikinci, macarıstanlı Mark Pap üçüncü pillələrdə qərarlaşıblar.

Atletikanın qızlar arasında 3000 metr məsafəyə qaçış yarışında qızıl medalı polşalı Olimpia Breza qazanıb. Gümüş medala norveçli İna Halle Haugen, bürünc medala isə ispaniyalı Mariya Forero layiq görülüblər.

Oğlanların nizəatma yarışında isə Polşa idmançısı Erik Kolodziecak (77,02 metr) birinci olub. İtaliya idmançısı Ciovanni Frattini gümüş, Ukrayna təmsilçisi Artur Felfner isə bürünc medal qazanıblar.

Çoxnövçülük yarışında isə oğlanlardan qızıl medala norveçli atlet Sander Skotheim sahib olub. Belçikalı Yente Hauttekete gümüş, almaniyalı Paul Kallenberq isə bürünc medala layiq görülüblər.

Atletika üzrə oğlanlar arasında uzunluğa tullanma yarışında avstriyalı Oluvatosin Ayodeji 7,31 metr nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 7,29 metr nəticə ilə fransalı Aleksis Duvivye sahib olub. İlk üçlüyü serbiyalı Tomislav İsailoviç (7,26) tamamlayıb.

Nüvəitələmə üzrə qızların yarışında qızıl medalı 17,88 metr nəticə göstərən türkiyəli Pınar Akyol qazanıb. Moldovalı atlet Nina Çapatina 17,16 metr nəticə göstərərək gümüş medala sahib olub. İlk üçlüyü isə almaniyalı Sina Pruefer 16,84 metr nəticə ilə tamamlayıb.

Qeyd edək ki, Azərbaycan atletlərindən oğlanlar arasında 400 metr məsafəyə qaçış yarışında Teymur Salahzadənin (48,48 saniyə) və qızların mübarizəsində isə uzunluğa tullanma növündə çıxış edən Ləman Hüseynovanın (5,26 metr) göstəriciləri finala yüksəlmək üçün kifayət etməyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı iştirak edir. Azərbaycan bu yarışlarda 18 idmançı ilə təmsil olunur.

“EYOF 2019” un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.