İDMAN
“EYOF 2019”: Macarıstanın həndbolçu qızları qrupu birinci sırada başa vurublar
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında həndbol yarışlarının üçüncü gününə qızların mübarizəsində B qrupunda paralel keçən Macarıstan-İsveçrə və Çexiya-Azərbaycan oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın həndbolçu qızları görüşdə çexiyalı rəqiblərinə 17:33 hesabı ilə məğlub olublar. Macarıstan millisi isə İsveçrə yığmasını 28:20 hesabı ilə məğlubiyyətə uğradaraq ardıcıl üçüncü qələbəsini qazanıb.
Beləliklə, aktivində 6 xal olan Macarıstan seçməsi B qrupunu birinci sırada başa vurub. İsveçrə 4 xalla ikinci, Çexiya isə 2 xalla üçüncüdür. Hər üç oyunda məğlub olan həndbolçu qızlarımız qrupda sonuncu pillədə qərarlaşıblar.
A qrupunda saat 18:30-da başlayacaq Fransa-Rumıniya və Hollandiya-İspaniya oyunları ilə qızların mübarizəsində qrup mərhələsinə yekun vurulacaq.
Hazırda oğlanların mübarizəsində B qrupunda İslandiya-Xorvatiya və Fransa-Sloveniya görüşləri keçirilir. Saat 20:30-da isə A qrupunda yer alan komandalar meydana çıxacaqlar. Danimarka seçməsi Almaniyanı, Serbiya yığması isə Azərbaycan millisi ilə üz-üzə gələcək.
Festivalda oğlanların yarışında A qrupunda Almaniya və Danimarkanın 4 xalı var. Serbiya və Azərbaycan seçmələri hər iki oyunda uduzublar. B qrupuna isə 3 xalla İslandiya millisi başçılıq edir. Bu qrupda Sloveniya və Fransanın 2, Xorvatiyanın 1 xalı var.
Bakı İdman Sarayında və “ABU Arena”da keçirilən həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.