İDMAN


“EYOF 2019”: Üçüncü günün atletika yarışlarında axşam sessiyasına yekun vurulub

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının üçüncü gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışların üçüncü gününün axşam sessiyasında dörd növdə final yarışları keçirilib.

Qızlar arasında 400 metr məsafəyə qaçış yarışında qızıl medalı 53,57 saniyə nəticə göstərən rusiyalı Olesya Soldatova qazanıb. Belçikalı atlet Liefde Sxomaker (53,85 saniyə) gümüş medala sahib olub. İlk üçlüyü norveçli Lakeri Ertsqaard 54,56 saniyə nəticə ilə tamamlayıb.

Festivalın atletika yarışlarında qızların 800 metr məsafəyə qaçış növündə isə Sofiya Volkmer (Almaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə Valentina Rosamilia (İsveçrə), üçüncü pillədə isə Lusia Pinacçio (İspaniya) qərarlaşıblar.

Oğlanların 1500 metr məsafəyə qaçış yarışında qızıl medalı polşalı Jedrzej Poczvardovski qazanıb. Gümüş medala fransalı Adil Espasa, bürünc medala isə ispaniyalı Fikadu Qonzales layiq görülüblər.

Atletika üzrə qızlar arasında diskatma yarışında rusiyalı atlet Violetta İqnatyeva 55,37 metr nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 54,38 metr nəticə ilə almaniyalı Pia Northoff sahib olub. İlk üçlüyü türkiyəli Özləm Becerek (53,43) tamamlayıb.

Yarışın üçüncü günündə axşam sessiyasında, həmçinin hündürlüyə tullanma yarışlarında təsnifat mərhələsi keçirilib. Bu növ üzrə yarışlarda 12 atlet finala yüksəlib.

Mükafatlandırılma mərasimində medalları idmançılara Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov təqdim edib.

Azərbaycan atletlərindən qızlar arasında 200 metr məsafəyə qaçış yarışında Lamiyə Vəliyeva (25,06 saniyə), oğlanların 200 metr məsafəyə qaçışında Əli Abdıyev (22,63 saniyə) və hündürlüyə tullanma yarışında Aydın Bədəlovun (1,79 metr) göstəriciləri finala yüksəlmək üçün kifayət etməyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı iştirak edir. Azərbaycan bu yarışlarda 18 idmançı ilə təmsil olunur.

“EYOF 2019”un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.