İDMAN
“EYOF 2019” ilə əlaqədar Bakıda sarı zolağın çəkiləcəyi küçələr müəyyənləşib
Bakı, 18 iyul, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı Bakıda müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində sarı zolağın tətbiq ediləcəyi küçələrin siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Festival zolağı”nın kənarlarına sarı xətt çəkilib, asfaltın üzərinə “Bakı 2019” loqotipi vurulub. Bu, idmançıların və festivalın rəsmi iştirakçılarının yarış meydançalarına maneəsiz çatmaları məqsədilə həyata keçirilib.
Sarı zolaqlar paytaxtın Qara Qarayev, Azadlıq, Tbilisi, Moskva, Neftçilər, Ziya Bünyadov və Atatürk prospektləri, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Hənifə Ələsgərova və Rəşid İsmayılov küçələrində aktiv olacaq. Bu yollarda çəkilmiş xüsusi zolaqlara iyulun 28-dək festivala cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər.
“Bakı 2019” zamanı nəqliyyatla bağlı ən vacib məsələlərdən biri Açılış və Bağlanış mərasimlərində bileti və ya akkreditasiyası olan hər bir şəxs xüsusi avtobuslardan istifadə edə biləcəklər. Avtobuslar saat 17:00-dan 01:00-a qədər metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarından “Baku Crystal Hall”a və əks istiqamətdə fəaliyyət göstərəcək.