İDMAN
“EYOF Bakı 2019”: Üzgüçülük yarışlarında Azərbaycanın üç idmançısı mübarizəyə qoşulub YENİLƏNİB
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Bakı Su İdmanı Sarayında “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında üzgüçülük yarışlarının səhər sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, təsnifat yarışlarında qadın üzgüçülər 100 metr məsafəyə sərbəst, 400 metr məsafəyə fərdi qaydada qarışıq, 200 metr məsafəyə batterflay, arxasıüstə, kişi atletlər isə 200 metr məsafəyə brass, 400 metr məsafəyə sərbəst, 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında qüvvələrini sınayıblar.
Azərbaycan atletlərindən Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə sərbəst, Rəşad Alquliyev 400 metr məsafəyə sərbəst üsulla, Elyar Cahangirbəyov isə 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında mübarizə aparıblar. M.Şeyxəlizadəxangah 58:85, R.Alquliyev 4:19:85, E.Cahangirbəyov isə 1:01:64 saniyə nəticə göstərib. Bu nəticələr təmsilçilərimizin növbəti mərhələyə vəsiqə qazanmalarına kifayət etməyib.
Axşam sessiyasında qadınlar arasında 400 metr məsafəyə fərdi qaydada qarışıq, kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının qalibləri müəyyənləşəcək. Zərif cinsin nümayəndələri arasında 400 metr məsafəyə fərdi qaydada qarışıq üsulla üzmə yarışlarının finalında Katie Şanahan (Böyük Britaniya), Deniz Ertan (Türkiyə), Lia Csulak (Macarıstan), Lara Seifert (Almaniya), Çiara Fontana (İtaliya), Kamille Tissandie (Fransa), Paula Fernandez Otero (İspaniya) və Kalina Nikolayeva (Bolqarıstan) medallar uğrunda mübarizə aparacaqlar.
Kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının finalında isə Franko Qrqiç (Xorvatiya), Silas Beth (Almaniya), David Betlehem (Macarıstan), Yiğit Aslan (Türkiyə), Con Contvedt (Norveç), İvan Morqun (Rusiya), Alexandros Kaçris (Yunanıstan) və Lassi Haimi (Finlandiya) qalib adı uğrunda yarışacaqlar.
Bundan əlavə, ilk yarış gününün axşam sessiyasında qadınlar arasında 100 metr məsafəyə sərbəst üsulla, 200 metr məsafəyə baterflay və 200 metr məsafəyə arxasıüstə üzmə yarışlarında yarımfinal mərhələsi keçiriləcək. Kişilərin mübarizəsində isə 200 metr məsafəyə brass və 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında finalçıların adları müəyyənləşəcək.
Festivalın üzgüçülük yarışlarında Azərbaycan 6 atlet - Rəşad Alquliyev, Elyar Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə, Aysel Səfərova, Məryəm Şeyxəlizadəxangah ilə təmsil olunur.