İDMAN
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb VİDEO
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə yunan-Roma pəhləvanımız Elmir Əliyev (51 kq) komandamızın 5-ci qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançımız finalda ukraynalı Sanya Yakovlev üzərində 10:0 hesabı ilə inamlı qələbə qazanaraq qızıl medala sahib olub.
Qeyd edək ki, E.Əliyev səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0) dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edib.
Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə polşalı Pyotr Stolarzik türkiyəli İlhan Aldını, gürcüstanlı Nukri Benidze isə rumıniyalı Denis-Florin Mihaini məğlubiyyətə uğradıblar.
Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Respublikası Baş Nazirinin müavini, XV Avropa Gənclər Olimpiya Komitəsinin Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov təqdim edib.
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.