İDMAN


“EYOF Bakı 2019”un voleybol yarışlarında ikinci günün qarşılaşmaları keçirilir

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol yarışlarının ikinci gününə start verilib.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışlarının ikinci gününün ilk oyununda A qrupundakı Rusiya və Almaniya yığmaları qarşılaşırlar.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsinin ikinci gününə A qrupunda yer alan Bolqarıstan və Rusiya millilərinin görüşü ilə start verilib.

Yarışlarda səkkiz komanda iki qrupda mübarizə aparır.

Kişilər arasında voleybol yarışlarında A qrupunda Azərbaycan komandası ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışırlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika seçmələri arasında aparılır.

Voleybol üzrə qadınların mübarizəsində A qrupunda Rusiya, Rumıniya, Bolqarıstan və Ukrayna, B qrupunda isə İtaliya, Belarus, Türkiyə və Almaniya yığmaları yer alıb.

Dairəvi sistem üzrə keçirilən voleybol yarışında qaydalara görə, həm kişilərin, həm də qadınların mübarizəsində qruplarda birinci və ikinci yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Ümumiyyətlə, voleybol yarışının ikinci günündə kişi və qadın komandaları arasında dörd görüş keçiriləcək. Günün ikinci matçında B qrupunda çıxış edən İtaliyanın və Çexiyanın kişilərdən ibarət voleybolçuları üz-üzə gələcəklər. Üçüncü oyunda A qrupundakı matçda Azərbaycan voleybolçuları Belarus yığmasını sınağa çəkəcək. Sonuncu görüş B qrupunda yer alan Bolqarıstan və Belçika seçmələri arasında olacaq.

Voleybol üzrə qadınların mübarizəsində B qrupu çərçivəsində ikinci oyunda Türkiyə və İtaliya seçmələri üz-üzə gələcəklər. Digər görüşdə A qrupunda Rumıniya və Ukrayna voleybolçuları qarşılaşacaqlar. Qadınların yarışında növbəti görüş isə B qrupunda Belarus və Almaniya milliləri arasında oynanılacaq.

Festivalın voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.