İDMAN


“EYOF Bakı 2019”un voleybol yarışlarının ilk günü gərgin idman mübarizəsi ilə yadda qalıb

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, festivalda həm qadın, həm də kişi voleybolçulardan ibarət komandalar iki qrupda mübarizə aparırlar.

Kişilərin yarışında A qrupunda Rusiya yığması birinci oyunda Belarusu hər üç setdə (25:20, 25:21, 25:20) məğlub edərək festivala qələbə ilə başlayıb. Növbəti qarşılaşmada Azərbaycan və Almaniya milliləri meydana çıxıblar. Gərgin keçən matç 3:0 (31:29, 25:19, 25:22) hesabı ilə Almaniya komandasının üstünlüyü ilə başa çatıb.

B qrupunda Bolqarıstan seçməsi İtaliya ilə gərgin keçən matçda 3:2 (25:23, 25:21, 19:25, 21:25, 15:11) hesabı ilə qalib gəlib. Belçika və Çexiya idmançılarının maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmasında birinci tərəf 3:1 (25:23, 19:25, 25:22, 25:16) hesabı ilə qələbə qazanıb.

Qadınların mübarizəsində isə ilk oyunda A qrupunda Rumıniya və Bolqarıstan yığmaları qarşılaşıblar. Görüşdə Rumıniya voleybolçuları 3:1 (25:23, 25:18, 16:25, 25:12) hesabı ilə qalib gəliblər. Digər oyunda Ukrayna və Rusiya yığmaları qarşılaşıblar. Oyun Rusiya voleybolçularının qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:17, 25:13).

B qrupunda Belarus və Türkiyə yığmaları üz-üzə gəliblər. Görüşdə Belarus seçməsi hər üç setdə (30:28, 25:22, 26:24) Türkiyə komandasını məğlub edib. Günün sonuncu görüşü Almaniya və İtaliya yığmaları arasında oynanılıb. Matçda İtaliya təmsilçiləri daha yaxşı oynayaraq 3:0 (25:20, 25:13, 25:20) hesablı qələbə sevinci yaşayıblar.

Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər.

“EYOF 2019”da kişi voleybolçuların yarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində, qadın komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçirilir.

Qeyd edək ki, bu gün keçirilən oyunlardan sonra kişilər arasında voleybol yarışlarında A qrupunda hər birinin hesabında üç xalı olan Almaniya və Rusiya komandaları liderlik edirlər. Aktivində xal olmayan Azərbaycan və Belarus milliləri isə üçüncü-dördüncü yerlərdə qərarlaşıblar. B qrupunda isə hesabında üç xal olan Belçika liderdir. Bolqarıstan komandası 2 xalla ikinci yerdədir. Bir xala malik olan İtaliya üçüncü, hesabında xal olmayan Çexiya dördüncü pillədədir.

Qadınların mübarizəsində A qrupunda Rumıniya və Rusiya üç xalla birinci-ikinci sırada yer alıblar. Bir xalı olan Bolqarıstan üçüncü, Ukrayna dördüncüdür. B qrupunda Belarus və İtaliya üç xalla birinci-ikinci yerləri bölüşürlər. Hesablarında xal olmayan Almaniya üçüncü, Türkiyə yığması sonuncu pillədədir.

Komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-in İdman-Sağlamlıq Mərkəzində olacaq.

Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.