İDMAN
“EYOF Bakı 2019”un voleybol yarışlarının üçüncü günündə yarımfinalçılar müəyyənləşəcək
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında voleybol yarışlarının üçüncü günündə qrup mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlanların yarışında ilk oyunda A qrupunda yer alan Almaniya və Belarus milliləri qarşılaşırlar.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində B qrupundakı Rusiya və Rumıniya komandaları meydana çıxıblar.
Yarışlarda səkkiz komanda iki qrupda mübarizə aparır. Hər iki kateqoriyada dairəvi sistemlə bir dövrəlik mübarizənin yekununda qruplarda ilk iki yeri tutan millilər yarımfinala vəsiqəni təmin edəcəklər.
Ümumiyyətlə, voleybol yarışının üçüncü günündə oğlanlardan və qızlardan ibarət komandalar arasında dörd görüş oynanılacaq. Günün ikinci matçında B qrupunda çıxış edən Çexiyanın və Bolqarıstanın oğlan voleybolçuları qarşılaşacaqlar. Üçüncü oyunda A qrupundakı matçda Azərbaycan voleybolçuları Rusiya yığmasını sınağa çəkəcək. Sonuncu görüş B qrupu çərçivəsində İtaliya və Belçika arasında olacaq.
Voleybol üzrə qızların mübarizəsində B qrupu üzrə ikinci oyunda İtaliya və Belarus seçmələri üz-üzə gələcəklər. Digər görüşdə A qrupunda Bolqarıstan və Ukrayna voleybolçuları qarşılaşacaqlar. Qadınların yarışında növbəti görüş isə B qrupunda Türkiyə və Almaniya milliləri arasında oynanılacaq.
Festivalın voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.