CƏMİYYƏT
“E-Sabail” portalında “Qarabağ Azərbaycandır!” bölməsi istifadəyə verilib
Bakı, 17 may, AZƏRTAC
Ötən il ərzində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən elektron xidmətlərin genişləndirilməsi və innovasiyaların tətbiqi sahəsində genişhəcmli işlər həyata keçirilib.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış elektron platforma lahiyəsində (www.esabail.az) yeni “Qarabağ Azərbaycandır!” bölməsi yaradılıb.
Bu barədə AZƏRTAC-a Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, portalın yeni istifadəyə verilən “Qarabağ Azərbaycandır!” bölməsində Azərbaycan Prezidentinin Qarabağa səfərləri, şəhidlərimiz və milli qəhrəmanlarımız, Qarabağ haqqında, həmçinin Zəfər Gününə dair məlumatlar yerləşdirilib.
Həmçinin Prezident İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanına edilən dəyişikliklərə əsasən yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi də bu bölmədə əks olunub. Bu kateqoriyadan olan vətəndaşlar həmin bölməyə daxil olaraq Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşların və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzil növbəsinə götürülməsi və müvafiq sənədlər toplanılması ilə əlaqədar məlumatların əldə edilməsi kimi xidmətlərdən yararlana bilərlər.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Səbail RİH tərəfindən şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçılarına daim diqqət və qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində müvafiq yardımlar edilir.
Səbail rayonunun sakinləri pandemiya dövründə evdən çıxmadan portala onlayn qaydada müraciət etməklə RİH tərəfindən göstərilən bütün xidmətlərdən yararlana biləcəklər. Mobil qurğular, smartfon və planşet istifadəçiləri üçün həm android, eyni zamanda, İOS əməliyyat sistemləri vasitəsilə axtarış bölməsinə “esabail.az” yazaraq www.esabail.az portalını ödənişsiz yükləmə imkanı yaradılıb.
Qeyd edək ki, gün ərzində portala vətəndaşlar tərəfindən ümumilikdə iyirmidən çox müxtəlif kateqoriyalı müraciətlər daxil olur. Hüquqi məsləhətlər, qəyyumluq, planlaşdırma, sosial və kommunal problemlərlə bağlı daxil olmuş müraciətlər də operativ həll edilərək vətəndaşlara bu barədə müvafiq onlayn cavab göndərilir.
“E-Sabail” platforması yerli şirkət olan “Global Technology Services” tərəfindən hazırlanıb.