ELM VƏ TƏHSİL


E-demoqrafiya sistemində informasiya təhlükəsizliyinin bəzi aspektləri tədqiq olunub

Bakı, 2 mart, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda “E-demoqrafiya sistemində informasiya təhlükəsizliyinin bəzi aspektləri” mövzusunda onlayn elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. Bildirilib ki, məruzəni təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev əvvəlcə e-demoqrafiya sisteminin təyinatı, arxitekturası və informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi yanaşmalar haqqında məlumat verib.

Məruzəçi ölkəmizdə demoqrafiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini diqqətə çatdırıb, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkə alimləri qarşısında demoqrafik tədqiqatların genişləndirilməsi ilə bağlı bir sıra vəzifələr qoyulduğunu qeyd edib.

Sonra demoqrafik informasiya mənbələrinin qısa xarakteristikasını verib, e-demoqrafiya sistemində informasiya təhlükəsizliyinin məşhur üç aspekti (konfidensiallıq, tamlıq və əlyetərlik) ilə yanaşı, yeni məsələlərin – demoqrafik informasiyanın dürüstlüyü (səhihliyi) və fərdi məlumatların təhlükəsizliyi məsələlərinin aktuallıq qazandığını vurğulayıb: “Məsələn, demoqrafik informasiyanın emalında və əlaqədar istifadəçilərə təqdim olunmasında təhriflər mümkündür (məsələn, pis göstəriciləri gizlətmək üçün). Bu, yüksək səviyyəli idarəetmə qərarlarının keyfiyyətinə təsir edə bilər. Demoqrafik informasiyanın yeni mənbələri – sosial media verilənləri kifayət qədər reprezentativ olmaya bilər”.

Demoqrafik təhlükəsizliyin mühüm milli təhlükəsizlik məsələsi olduğunu qeyd edən məruzəçi demoqrafik informasiya resurslarına girişlərin idarə edilməsinin vacibliyini diqqətə çatdırıb. Bu baxımdan e-demoqrafiya sistemlərində əsas informasiya təhlükəsizliyi məsələlərindən birinin istifadəçilərin autentifikasiyası olduğunu söyləyib.

Məruzəçi fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş de-identifikasiya metodları, o cümlədən “təhlükəsiz liman” yanaşması haqqında məlumat verib. Qeyd edib ki, bu metodlar fərdi məlumat toplularından bir sıra həssas məlumatların silinməsini, şifrələnməsini və ya xüsusi şəkildə kodlaşdırılmasını nəzərdə tutur. Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.