“E-pul” elektron ödəniş xidməti yaradılıb
AzerTAg.az
Bakı, 17 sentyabr (AZƏRTAC). Azərbaycanda real vaxt rejimində ödəniş imkanı verən “e-pul” elektron ödəniş xidməti yaradılıb.
Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, xidmətin köməyi ilə kommunal, mobil rabitə, kabel televiziya və digər xidmətlər üzrə ödənişləri yerinə yetirmək mümkündür. Xidmət www.e-pul.az ünvanında fəaliyyət göstərir.
“E-pul”un digər elektron ödəniş xidmətlərindən üstünlüyü elektron pul kisəsi funksiyasına malik olmasıdır. Belə ki, digər ödəniş sistemləri vasitəsilə ödəniş etdikdə hər dəfə kart məlumatlarının daxil edilməsi tələb olunursa, “e-pul”da qeydiyyatdan keçərək kartınızı bir dəfə sistemə əlavə etməyiniz kifayətdir. Ödəmənin rahatlığı ilə yanaşı, hətta şəxsi hesabda pul vəsaitləri olmadığı halda belə, mal və xidmətlərin ödənilməsi imkanı da nəzərdə tutulub.
“E-pul” bonuslar, borclar, avtomatik ödəniş, kartın qeydiyyatı, ödəmələrin tarixçəsi bölmələrindən ibarətdir. Xidmətdən istifadə üçün telefon nömrəsindən və paroldan istifadə olunur.
Xəbərin mətnində orfoqrafik səhv var