ELM VƏ TƏHSİL
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “EaPConnect” layihəsinin rəhbəri Maria Minarikova, Estoniya Musiqi Akademiyasının informasiya texnologiyaları üzrə direktoru İnnar Jarva və şöbə müdiri Paolo Girol ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun “AzScienceNet” elm kompüter şəbəkəsinin 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunduğunu diqqətə çatdırıb. Akademik bildirib ki, əsas məqsəd Avropa İttifaqının “EaPConnect” layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsini təmin etmək, eləcə də Azərbaycanın ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrini gücləndirməkdir.
“EaPConnect” layihəsinin rəhbəri Maria Minarikova Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib. İnstitutun GEANT təşkilatı ilə əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edən qonaq birgə layihələrdə iştirakın, kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu söyləyib.
Daha sonra qonaqlar institutda yaradılmış innovativ şəraitlə tanış olublar.