MƏDƏNİYYƏT


Ecazkar İordaniya: Ölü dəniz

Bakı, 14 oktyabr, Emil Eyyubov, AZƏRTAC

İordaniyaya səyahətimiz sona yaxınlaşır. Əsrarəngiz Petradan Ölü dənizə yollanırıq. Ölü dəniz duzlarının nadir tərkibi və müalicəvi palçıqlar bu dənizə milyonlarla turistləri cəlb edən müalicəvi kurort kimi şöhrət qazandırıb. Ölü dənizin İordaniya sahillərində şəhər tipli yaşayış məntəqələri yoxdur, burada yalnız otel kompleksləri inşa edilib. Ölkənin paytaxtı Əmmana, necə deyərlər, əlinizi uzatsanız çatarsınız. Orada isə görməli tarixi yerlərə getmək, maraqlı şopinqlə məşğul olmaq imkanı var. Biz də belə etdik.

Qeyri-adi sututar

Petradan Ölü dəniz rayonuna qədər 137 kilometr məsafə var. Avtomobillə bu yolu qət etməyə təxminən iki saat vaxt lazımdır.

İordaniya vadisi heyrətamiz regiondur. Yer kürəsində quru səthinin ən aşağı sahəsi olan Ölü dəniz də bu vadiyə aiddir. Burada suyun səviyyəsi okean səviyyəsindən təxminən 430 metr aşağıdır. İnsanların intensiv təsərrüfat fəaliyyəti nəticəsində bu səviyyə ildə bir metr azalır. Ölü dənizə tökülən çayların ən böyüyü İordan çayıdır. Dəniz adlanmasına baxmayaraq, əslində göl olan bu sututarın axarı olmadığına görə çayların suyu buxarlanır və onların əvəzinə duzlardan və minerallardan ibarət “kokteyl” qalır.

Adama elə gəlir ki, planetimizdəki duzun hamısı bu dənizdə cəmləşib. Onun suyu o qədər duzludur ki, adi gözlə görünən canlı orqanizmlər bu suda yaşaya bilmir. Hesablamalara görə burada bir litr suyun tərkibində 300 qram duz var, dənizin dibindən çoxsaylı mineral bulaqlar qaynayır. Bu suyu laboratoriyada əldə etmək mümkün deyil, ona görə də müalicəvi prosedurlar elə burada aparılmalıdır. Həkimlərin sözlərinə görə, Ölü dənizin suyu və palçığı bir sıra dəri xəstəliklərinin, həmçinin allergiya, sinir sistemi və yuxarı tənəffüs yollarının müalicəsi üçün çox faydalıdır. Tərkibində yerli duzlar və gil olan İordaniya kosmetikası da yüksək qiymətləndirilir.

İordaniya Ölü dəniz akvatoriyasını Fələstin ilə İsrail arasında bölür. Ölü dənizin cənubunda – İsraildə onun dərinliyi cəmi 5 metrə qədər olduğu halda, şimalda – İordaniyada bu göstərici 300-400 metr həddindədir. Ona görə burada dəniz suyunun tərkibi daha yaxşı, duzların qatılığı optimaldır, çünki İordan çayı onları qismən həll edir.

“Mövenpick Resort & Spa Dead Sea”

Yuxarıda qeyd etdiyimiz kimi, Ölü dənizin İordaniya sahillərində şəhər tipli yaşayış məntəqələri yoxdur. Ona görə də buradakı kurortlara gələnlərin bütün həyatı otel komplekslərinin ərazisində keçir.

Biz beşulduzlu “Mövenpick Resort & Spa Dead Sea” spa otelində qalırdıq. Bu otelin əsas üstünlüyü akvatoriyaya açılan panoram mənzərəsi və dənizə çıxışının olmasıdır. İordaniyada ən böyük “Mövenpick” otelinin ərazisi 8 hektardır. Burada mehmanxana korpusları və villalardan əlavə böyük “Zara Spa” kompleksi, bir neçə hovuz, 9 kafe və restoran, bir sıra başqa obyektlər var. Nohurda qızılı rəngli böyük karp balıqları və ördəklər üzür.

Otel kompleksinin geniş ərazisində hərəkət edən elektrokarlar müsafirlərə pulsuz xidmət edir. Kurort kompleksindəki nömrələr zövqlə tərtib edilib və bütün zəruri avadanlıqla təchiz olunub. Nömrələrin əksəriyyətinin geniş balkonundan baxanda dənizə və bağlara gözəl mənzərə açılır.

Uşaqlar üçün geniş xidmətlər spektri, o cümlədən gözəl hovuzu olan klub nəzərdə tutulub. Otel ərazisindəki hovuzların biri həll olunmuş dəniz suyu ilə doldurulub. Hovuzun girəcəyi dəniz sahilini xatırladır: onun dibinə xırda çimərlik qumu səpilib. Ölü dənizin suyu barədə çox eşitmişdik. Buna görə bir sual bizi çox maraqlandırırdı: doğrudanmı insan bu dənizə girəndə onun bədəninin kütləsi azalır və suyun səthində rahatca dayanaraq, məsələn, kitab oxumaq olar. Bu effekti öz üzərimizdə sınaqdan keçirmək üçün tələsirdik.

Sahildəki daşlar qəşəng olmaqla bərabər, çox sürüşkəndir. Buna görə də tarazlığı itirməmək üçün rezin ayaqqabılar geymək məsləhətdir. Ölü dənizi ilk dəfə görəndə onun qeyri-adi xassələri hiss olunur. Sanki su insana müqavimət göstərir. Düşünürsən ki, ayaq üstə dayana bilməyəcəksən, ayaqların yerdən aralanır və səni yuxarı qaldırır. Buna görə selfi həvəskarlarına məsləhət görərdik ki, telefonlarını möhkəm tutsunlar. Onu da qeyd edək ki, çimərlikdəki xidmət heyəti sizin suya girməyinizə və orada salamat qalmağınıza kömək edir.

Dənizin suyu yağ kimi qatıdır. Bircə anda insanın bütün bədəni acı-duzlu təbəqə ilə örtülür. Sizə xəbərdarlıq edəcəklər ki, dəniz suyu gözlərinizə və ağzınıza düşməməlidir. Ona görə də bu suya baş vurmağa dəyməz. Yaxşısı budur, arxası üstə uzanıb mütaliə etməkdən ləzzət alın.

Bir sevindirici məqam da var ki, Ölü dənizin suyunun tərkibində olan brom və planetimizin başqa yerləri ilə müqayisədə burada atmosferdə ozon təbəqəsinin daha sıx olması dərini yanmaqdan qoruyur.

Ölü dənizin suyunda fasiləsiz olaraq 20 dəqiqədən çox qalmaq məsləhət deyil. Bundan sonra içməli su ilə yaxalanmaq lazımdır (çimərlikdə duş var). Bir qədər fasilədən sonra dəniz prosedurlarını davam etdirmək olar.

Faydalı palçıq

Ölü dənizin palçığı müalicəvi xassələri ilə məşhurdur. “Mövenpick Resort & Spa Dead Sea” otelinin müsafirlərinin rahatlığı üçün dənizin dibindən çıxarılmış palçıq sahildə böyük bir küpə doldurulur, arzuedən hər kəs oradan palçıq götürə bilər. Plastilin kimi elastik olan bu palçığı həm kosmetik, həm də müalicəvi məqsədlər üçün bədənə və üzə yaxırlar. Palçıq müalicəsi, ilk növbədə, ekzema, dermatit, dəmrov və başqa dəri xəstəliklərindən əziyyət çəkən adamlar üçün tövsiyə edilir. Bir qədər gözləyəndən sonra elə oradaca, sahildə qoyulmuş duşda və ya dənizə girərək palçığı yumaq olar.

“Zara Spa”

İordaniyadakı “Mövenpick” otellər arasında ən böyük spa salon olan “Zara Spa”nın sahəsi 6000 kvadratmetrə bərabərdir. Burada müsafirlərə müxtəlif sağlamlaşdırıcı və istirahət xarakterli prosedurlar təklif olunur. Kompleksin girəcəyində sizi qarşılayan şux qamətli bədəvi sizə xurma ilə ərəb qəhvəsinin dadına baxmağı təklif edəcək. Spa zonasından çıxmazdan əvvəl ətirli çay içmək, yerli çərəzlərin və meyvələrin dadına baxmaq imkanı var.

Əmmanda gəzinti

Aeroporta yola düşməzdən əvvəl İordaniyanın paytaxtı və ölkənin ən böyük şəhəri Əmman ilə tanış olmağı qərara aldıq. Əhalisinin sayı 1,8 milyondan çox olan Əmman Bakı ilə qardaşlaşmış şəhərdir. 

Köhnəliklə yeniliyin qaynayıb-qarışdığı, ideal ərazidə - İordan çayı vadisinin səhralıq və məhsuldar hissələri arasında yerləşir. Əmmanın işgüzar mərkəzində ənənəvi tikililərlə yanaşı, müasir binalar, otellər, restoranlar, qalereya və butiklər də görmək olar.

Bir maraqlı fakt: eramızdan əvvəl IV əsrdə bu şəhər hökmdar Ptolemey II Filadelfin şərəfinə Filadelfiya adlanıb.

Əmmanda addımbaşı qədim tarixi abidələr rastınıza çıxacaq. Şəhərin yuxarı hissəsində ən qədim fortifikasiya qurğularının yerləşdiyi istehkam ucalır. Burada aparılmış qazıntı işləri zamanı Neolitdən Ellinizmə, son Roma və ərəb-müsəlman dövrlərinə qədər müxtəlif tarixi dövrlərə aid çoxsaylı tapıntılar aşkar edilib. İstehkamın ətəyində 6000 tamaşaçı tutan Roma amfiteatrı yerləşir. Şəhərin ən məşhur görməli yeri sayılan bu teatr qayada çapılmış dərin bir oyuq şəklindədir. Ondan hələ də müxtəlif mədəni tədbirlər keçirilməsi üçün istifadə edilir. Bu yaxınlarda daha bir qədim amfiteatr – Odeon tapılıb və bərpa edilib. hazırda Odeon 500 tamaşaçı tutur.

Yolda adi bir şəhər bazarı görəndə yerli koloritlər daha dərindən tanış olmaq üçün oraya boylanmaqdan özümüzü saxlaya bilmədik. Məlum oldu ki, həmin bazar Azərbaycan bazarlarından az fərqlənir. Lakin bizim üçün adi sayılan meyvə və tərəvəzlə bərabər, burada quava, manqo, təzə xurma, ağ badımcan, qeyri-adi ədviyyat kimi ekzotik məhsullar da satılır.

Sonda Əmmandakı çoxsaylı qənnadı mağazalarından birinə baş çəkib Yaxın Şərqdə ən sevimli desertlərdən biri sayılan künəfə adlı yerli şirniyyatın dadına baxdıq. Kadaif vermeşilindən və keçi pendirindən hazırlanan bu məhsulun üzərinə şərbət də əlavə edilir və çox dadlı bir təam alınır.

Son söz əvəzi

Nəhayət evə yollanırıq! Doğma yurda qayıtmaq həmişə adamı sevindirir. Xüsusən “flydubai” aviaşirkətinin biznes salonunda uçanda. Bizim səfərimiz bu şirkətin dəstəyi sayəsində baş tutdu. Qeydiyyat bölməsində sərnişinlərə diqqətli münasibət, pasport nəzarətində uzun növbələrin olmaması, aeroportda rahat biznes-lanç, dadlı yemək, təyyarədə rahat şərait – yorğun yolçulara bundan artıq nə lazımdır?!

Fotolar Dinara Qurbanovanındır.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.