REGİONLAR
Edillidə aşkarlanan kütləvi məzarlıqda tapılan sümüklərdə xəsarət izləri var VİDEO
Xocavənd, 5 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Xocavəndin Edilli kəndində aparılan qazıntı işləri zamanı 12 meyit qalığı aşkarlanıb. İlk baxışdan həmin qalıqların Azərbaycan hərbi qulluqçularına aid olduğu görünür. Kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri onlara işgəncə və əzab verildiyini düşünmək üçün əsas verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə açıqlamasında deyib.
“Hər bir meyitin əlləri yuxarıdadır, lakin bunun səbəbini hələ deyə bilmərik. Sümüklərdə zədə və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Odlu silahlarla olan təsirlər isə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Kriminalistika şöbəsində müayinə edildikdən sonra aydın olacaq. Onların cinsi, yaşı, boyu, torpaqda qalma müddəti təyin ediləcək. Hətta onların sağlığında keçirmiş olduğu xəstəliklər varsa, onlar aşkar ediləcək. Bunun tanınmada böyük əhəmiyyəti var. Hazırda meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onların hamısı cavan və orta yaşlı hərbi qulluqçular olub”, - deyə Ədalət Həsənov əlavə edib.