ELM VƏ TƏHSİL


“EduHack” hakatonuna 24 yerli və 21 xarici universitetdən müraciət daxil olub

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və “Next Step” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “EduHack” hakatonu keçiriləcək. Ölkədə ilk dəfə təhsil istiqamətində keçirilən hakatonun əsas məqsədi distant təhsildə qarşıya çıxan məsələlərin innovativ yolla həllini tapmaqdır. Hakatonun mövzusu Azərbaycan universitetləri ilə yanaşı, həm də xaricdəki nüfuzlu universitetlərin tələbə və məzunlarının da diqqətini çəkib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, hakatonda iştirak etmək üçün Azərbaycanın 24 universiteti ilə yanaşı, 11 xarici ölkənin 21 universitetindən ümumilikdə 283 müraciət daxil olub. ABŞ-ın Hyuston Universiteti, Keksom İnstitutu nəzdində Minerva məktəbi, Kanadanın Toronto Universiteti, Birləşmiş Krallığın Edinburq Universiteti, Qlazqo Universiteti, Lankaster Universiteti, Türkiyənin Orta Doğu Texniki Universiteti, Yıldız Texniki Universiteti, Sabancı Universiteti, Sakarya Universiteti, Özyeğin Universiteti, Ukraynanın Kiyev Politexnik Universiteti, Niderlandın Eindhoven Texnologiya Universiteti, Macarıstanın Korvinus Universiteti, Budapeşt Biznes Məktəbi, Szeged Universiteti, Estoniyanın Tallinn Texniki Universiteti, Polşanın Varşava Universiteti, Vistula Universiteti, Latviyanın Riqa Texnologiya Universiteti və İsrailin “ORT İsrael” məktəblər şəbəkəsi müraciət edənlər siyahısındadır.

Yarışmada innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, inkişafa meyilli gənclər iştirak edə bilərlər. İştirakçılar 3 gün ərzində (31 iyul, 1-2 avqust) öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.

Mükafat fondu 6000 manatdır və 1-ci yerin sahibi 3000 manat, 2-ci yer 2000 manat, 3-cü yer isə 1000 manat qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.