CƏMİYYƏT
Edvard Karvard: UNICEF məktəbəqədər təhsil sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNICEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvard ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə müvəkkil E.Süleymanova Azərbaycanda uşaq və yeniyetmələrin əhalinin böyük hissəsini təşkil etdiyini bildirib. O deyib ki, ölkəmizdə uşaq və gənclər siyasəti uğurla həyata keçirilir, Heydər Əliyev Fondu bu istiqamətdə mühüm işlər görür. Bu məqsədlə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müasir standartlara cavab verən mərkəzlər yaradılır. Azərbaycanda Uşaq Hüquqları üzrə Ombudsman olmadığından rəhbərlik etdiyi təsisatın nəzdində bu məsələ ilə məşğul olan xüsusi ixtisaslaşmış müşaviri fəaliyyət göstərir. Uşaq hüquqlarının qorunmasına və təbliğinə böyük diqqət yetirilir, hüququ pozulmuş uşaqların problemləri ilə bağlı “qaynar xətt” yaradılıb.
Müvəkkil E.Süleymanova Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin və Liderlik Məktəbinin fəaliyyət göstərdiyini, buraya fəal məktəblilərin cəlb edildiyini və onların əsl liderlər kimi formalaşdırıldığını diqqətə çatdırıb.
Edvard Karvard uşaqlara kiçik yaşlarından etibarən investisiya qoyulmasının, onların nəinki iştirakçılığının, həmçinin lider kimi yetişdirilməsinin önəmini vurğulayıb, bu sahədə Ombudsman təsisatı tərəfindən görülən işləri, xüsusilə liderlik məktəbinin fəaliyyətini müsbət qiymətləndirib.
UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri inklüziv təhsilin, xüsusilə regionlarda bu prosesin daha da sürətləndirilməsinin, uşaq bağçalarının sayının artırılmasının önəmli olduğunu bildirib. Edvard Karvard məktəbəqədər təhsilin UNICEF-in fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini, qurumun bu sahədə Azərbaycan ilə əməkdaşlığa hazır olduğunu deyib. O, həmçinin regionlarda işin, xüsusilə uşaqların fəal iştirakı ilə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.