CƏMİYYƏT
Edvard Karvardin: Məqsədimiz gələcəyə fəal və sağlam uşaqlarla birgə addımlamaqdır
Bakı, 1 iyun, AZƏRTAC
Koronavirus pandemiyası bütün insanlara təsir göstərdiyi kimi, uşaqların da təhsilinə, yaşayışına, bir-biri ilə ünsiyyət qurmasına mənfi təsirini göstərib. Lakin buna baxmayaraq, uşaqlar öz həyatlarına davam etməli oldular. Uşaqlar özləri də bilmədən üzərilərinə böyük yük götürmüş oldular. Biz bunu yüksək qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən “Mənim səsim-mənim hüquqlarım” adlı dəyirmi masada deyib.
Pandemiya ilə əlaqədar dünyamızın çox dəyişdiyini, yeni reallıqlar və yeni tələblərin, vəzifələrin meydana çıxdığını qeyd edən Edvard Karvardin bildirib: “Azərbaycanda yeni icmaların qurulmasını çox istəyirik. Biz gələcəyə baxmalıyıq, gələcəyə fəal və sağlam uşaqlarla birgə addımlamaq məqsədimizdir. Qarşıdan Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu gəlir. Həyata keçirdiyimiz layihələr uşaqların sağlam böyüməsini, xoşbəxt yaşamalarını, hüquqlarının müdafiəsini özündə əks etdirməlidir. Biz buna çalışırıq”.