CƏMİYYƏT
Edvard Rou: Azərbaycanın multikulturalizm təcrübəsinin başqa ölkələrdə necə tətbiq edilməsindən danışmalıyıq VİDEO
Vaşinqton, 29 oktyabr, AZƏRTAC
Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumların, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Konfransda iştirak edən natiqlərdən biri, Sterlinq Fondunun Prezidenti Edvard Rou deyib: “Sülh və təhlükəsizlik 21-ci əsr, gənclərimiz və gələcək nəsillər üçün ən vacib məsələ sayıla bilər. Bu konfransın keçirilməsinə şərait yaratdığına görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirmək istərdim. 1998-1999-cu illərdə ailəmlə Azərbaycanda yaşamışam. Biz həmişə nəzəri olaraq multikulturalizmdən danışdığımız halda, Azərbaycanda insanlar bunu praktikada həyata keçirirlər. Mən Azərbaycanda “İsa Məsihin Son Gün Əzizlər Kilsəsi”nin azsaylı icma üzvlərindən biri idim. Biz orada yaşadığımız müddətdə hamı bizim dinimizə hörmətlə yanaşırdı. Biz Azərbaycanın bu sahədəki təcrübəsinin başqa ölkələrdə necə tətbiq edilməsindən danışmalıyıq. Azərbaycandan Vaşinqtona dini liderlərin gətirilməsi dinlərarası harmoniya yaratmaq üçün dialoqun təşviq edilməsinə dair yaxşı addımdır. Bu konfransda iştirak etməkdən və Amerika Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlərin inkişaf olunmasında oynadığım rola görə qürur duyuram”.
Xatırladaq ki, konfrans ABŞ-ın Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəzi, Amerika Katolik Universitetinin Kolumbus Hüquq Məktəbi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.