İQTİSADİYYAT
Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi Qrupunun iclası keçiriləcək
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-i saat 16:00-da biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi Qrupunun növbəti onlayn iclası keçiriləcək.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, iclasda İşçi Qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosiasiya nümayəndələrinin iştirakı nəzərdə tutulub.
İclas İşçi Qrupun bu il üzrə təsdiq olunmuş fəaliyyət planının ilin ilk yarısında icrası istiqamətində görülmüş işlərin müzakirəsinə həsr ediləcək, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, təbii resursların effektiv idarə edilməsi kimi məsələlər əsas müzakirə mövzusu olacaq.
İclasda effektiv idarəetmə və makroiqtisadi göstəricilər sahəsində ölkənin mövqeyinin yaxşılaşdırılması üçün görülməli işlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Komissiyanın internet portalında (https://azranking.az) iclasla əlaqədar yerləşdirilən məlumat və gündəliklə tanış olmaq mümkündür.