CƏMİYYƏT
“Effektiv natiq – uğurlu sahibkar” layihəsinin qalibləri mükafatlandırılıb
Bakı, 11 aprel, Həsrət Mahmudova, AZƏRTAC
Aprelin 11-də Bakı Konqres Mərkəzində “Effektiv natiq – uğurlu sahibkar” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı, “Youth Inc.” Sahibkarlıq Proqramının və “Azərbaycan İctimai Nitq Yarışı” (APSC) platformasının tərəfdaşlığı ilə reallaşıb.
Layihə rəhbəri Kənan Məmmədov tədbirdə çıxış edərək bildirib ki, əsas məqsəd sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək verilməsidir. Sahibkarlıq və biznes ideyası olan yaradıcı gənclərin natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurla çıxış etmələrində mühüm rol oynayır. Bu baxımdan belə layihələrin reallaşdırılmasına böyük ehtiyac var.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin bilik və bacarıqlarını, onlarda özünəinam hisslərini gücləndirən belə layihələrin önəmindən danışıb. Qeyd edib ki, layihə çərçivəsində Bakıda, Gəncədə, Şəkidə və Qubada təlim kursu və mentorluq mərhələsi təşkil olunub. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorluq mərhələsində iştirak edərək praktiki biliklərə yiyələniblər. Bundan sonra onlar çıxışlarını peşəkar mentorların dəstəyi ilə hazırlayıblar.
Layihənin yekununda ən yaxşı dörd gənc sahibkar - Azərbaycan Texnologiya Universitetinin tələbəsi Hüseyn Xəlilov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbəsi Elvin Mabudlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi Zülfüqar Mayılov və Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” qrupunun tələbəsi Coşqun Quliyevin təqdim etdikləri ideyalara görə təltif olunublar.
Sonda nitq mədəniyyəti üzrə təlimçi, İctimai Televiziyanın aparıcısı Ceyhun Əli tərəfindən “Biznes mühitində nitq mədəniyyətinin rolu və nüfuz menecmenti” mövzusunda ustad dərsi keçirilib.