DÜNYA
Efiopiya 4 milyarda yaxın xarici sərmayə cəlb edib
Əddis-Əbəbə, 29 oktyabr, AZƏRTAC
Efiopiya 2017-2018-ci illər ərzində xarici və yerli layihələrin həyata keçirmək üçün 3,75 milyard birbaşa xarici sərmayə cəlb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Efiopiyanın sərmayə komissiyası açıqlama verib.
Efiopiyanın sərmayə komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mekonnın Haylü bildirib ki, bu müxtəlif stimullaşdırıcı paketlərin və xidmətlərin göstərilməsi üçün effektiv sistemin tədbiq edilməsi nəticəsində mümkün olub. Onun sözlərinə görə, həmçinin potensial sərmayəçilərin qarşısına çıxan bir sıra digər maneələr də aradan qaldırılıb. Xarici sərmayəçilərə göstərilən xidmətlərin asanlaşdırılması üçün komissiya təxminən 4 min sərmayəçiyə lisenziyaları vahid reyestr vasitəsilə təqdim edib.
Mekonnın Haylü vurğulayıb ki, neçə il davam edən siyasi qeyri sabitlik, valyutanın çatışmazlığı və müvafiq idarəetmənin olmaması, komissiyanın üzləşdiyi əsas problemlər olub. Bunun nəticəsində bəzi layihələr pis yerinə yetirilib, lakin ən çətin şəraitdə belə sərmayə komissiyası müxtəlif stimullaşdırıcı paketlər təqdim edərək, potensial sərmayəçiləri maraqlandırmağa çalışıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə