DÜNYA
Efiopiya ordusu Tıqray ştatının 70 faizinə nəzarəti bərpa edib
Bakı, 11 noyabr, AZƏRTAC
Efiopiyanın federal qüvvələri iki il əvvəl üsyançılarının qiyam qaldırdığı Tıqray ştatının 70 faizinə nəzarəti bərpa edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə cümə günü Efiopiya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Redvan Hüseyn özünün tviter hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, Efiopiyanın hakimiyyət orqanları bölgədə yaşayan əhaliyə geniş yardım göstərir. İndiyə qədər azad olunan yaşayış məntəqələrinə 35 yük maşını ərzaq və 3 yük maşını dərman çatdırılıb. Redvan Hüseyn, həmçinin federal hökumətin nəzarəti altına keçən rayonların hava məkanında uçuşlara icazə verildiyini və kommunal xidmətlərin bərpa olunduğunu vurğulayıb.
Üsyançılar isə öz növbəsində Tıqray ştatının 70 faizinə nəzarəti itirdikləri ilə bağlı hakimiyyətin iddialarını təkzib ediblər.
Xatırladaq ki, noyabrın 2-də Efiopiyanın mərkəzi hökuməti və Tıqray regionundakı üsyançılar arasında sülh sazişi imzalanıb. Bu, Cənubi Afrika Respublikasında bir həftədən çox davam edən danışıqlardan sonra mümkün olub. Saziş tərəflərin koordinasiyalı tərk-silah edilməsini, asayişin bərpasını, humanitar yardımların maneəsiz çatdırılmasını və mülki şəxslərin müdafiəsini nəzərdə tutur. Sülhün şərtlərinə əməl olunmasına Afrika İttifaqının nümayəndələrindən ibarət xüsusi qrup nəzarət edəcək.
Həmçinin noyabrın 7-də Keniyanın paytaxtı Nayrobidə Efiopiya hökuməti ilə Tıqray üsyançıları arasında imzalanan sazişin həyata keçirilməsi yolları barədə danışıqlar başlayıb.
Efiopiyada iki ildən çox davam edən vətəndaş müharibəsi nəticəsində minlərlə insan həlak olub, iki milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb, yüz minlərlə insan isə aclıq təhlükəsi ilə üzləşib.