SİYASƏT
Efiopiya radiosu Ermənistan silahlı qüvvələrinin təxribatına dair məlumat yayıb
Bakı, 13 iyul, AZƏRTAC
Efiopiyanın aparıcı yayım korporasiyası olan EBC-nin 104.7 FM radio dalğasında iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması, nəticədə 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsinə dair məlumat verilib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, radionun xəbərlər proqramına müsahibə verən səfir Elman Abdullayev Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhalinin və mülki obyektlərin atəşə tutulduğunu, nəticədə iki dinc sakinin qətlə yetirildiyini, birinin isə ağır yaralandığını bildirib.
Beynəlxalq ictimaiyyəti, o cümlədən Afrika ölkələrini bu cür qəddarlıq və qeyri-insani akta biganə qalmamağa çağıran səfir artıq bir neçə beynəlxalq təşkilatın və ölkənin Ermənistanı bu qeyri-insani addımına görə qınadığına dair məlumat verib.
E.Abdullayev, həmçinin vurğulayıb ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini rəhbər tutaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün səylərini əsirgəməməlidir.