SİYASƏT


Efiopiya və Keniya KİV-ləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumatlar yayıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Efiopiyanın və Keniyanın “Ethiopian İnformer”, “Ethiopian Monitor”, “New Business Ethiopia” və “Reporter” informasiya portalları, habelə Efiopiyanın 102.1 FM dalğasında yayımlanan “Sheger FM” radiosu tərəfindən Ermənistanın növbəti hərbi təcavüzü və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinin əks-həmlə və cavab tədbirləri barədə məlumatlar operativ şəkildə yerli ictimaiyyətin diqqətinə çatdırılıb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatlarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında əks olunmuş həqiqətlərə xüsusi yer ayrılaraq, yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanır.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, mülki əhalinin yaşayış yerlərini atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

Efiopiya və Keniya KİV-ləri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə və özünümüdafiə hüququ çərçivəsində əks-hücum və cavab tədbirlərini həyata keçirən Azərbaycan ordusunun beynəlxalq humanitar hüquqa tam şəkildə riayət etdiyini qeyd edib.

Məlumatda qeyd olunur ki, beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozan, təcavüzkar qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistan iyul-avqust aylarında törətdiyi Tovuz istiqamətində hücum cəhdi, Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı kimi çirkin əməlləri, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti regionda sülh və sabitliyə ciddi təhlükə mənbəyidir.

Efiopiya və Keniya KİV-lərində, eyni zamanda, ölkənin bütün ərazisini əhatə edən “Sheger FM” radiosunun canlı yayımında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin beynəlxalq ictimaiyyətə səsləndirdiyi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınama və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etmə çağırışı geniş yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.