SİYASƏT
Efiopiyada Zəfər Günü qeyd edilib VİDEO
Madrid, 11 noyabr, AZƏRTAC
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə 8 Noyabr Zəfər Günü və “Şuşa İli” ilə əlaqədar rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda Efiopiya rəsmiləri ilə yanaşı, Milli Məclisin deputatları, habelə yerli dövlət orqanlarının nümayəndələri, Əddis-Əbəbədə və Afrika İttifaqı Komissiyasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşeləri, Azərbaycanın institut və universitetlərinin efiopiyalı məzunları, işgüzar dairələrin, media və QHT-lərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan ilə Efiopiyanın Dövlət himnlərinin səslənməsi ilə başlayan qəbulun keçirildiyi məkanda müzəffər Ordumuzun əsgərlərinə və Şuşa şəhərinə həsr olunmuş fotosərgi təşkil edilib.
Tədbirin açılışında Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov çıxış edərək 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqımıza müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdiyini bildirib. Bunun 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun ağır artilleriyadan istifadə etməklə Azərbaycanın dinc əhalisinə və Silahlı Qüvvələrinin mövqelərinə qarşı növbəti genişmiqyaslı təxribatına cavab olaraq əks-hücum əməliyyatı ilə başlanmış Vətən müharibəsində Zəfərin simvolu olduğunu vurğulayıb. 8 Noyabr tarixinin əhəmiyyətini nəzərə alaraq, 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin noyabrın 8-nin Zəfər Günü kimi qeyd edilməsi barədə Sərəncam imzaladığı barədə tədbirdə məlumat verilib.
Sonra bu il Azərbaycanın mədəniyyət paytaxtı olan və hər bir azərbaycanlı üçün müqəddəs sayılan Şuşa şəhərinin 270 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi qonaqların diqqətinə çatdırılıb. Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin Azərbaycanın Qarabağ bölgəsinin tacı və bütün türk dünyasının mədəniyyət beşiyi olması xüsusi vurğulanıb.
R.Nəsibov, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildiyini və 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin məhz Şuşada imzalanmasının heç də təsadüfi olmadığını qeyd edib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalan bir milyondan çox didərgin düşmüş azərbaycanlının doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi üçün dövlətimiz tərəfindən müvafiq addımların atıldığı bildirilib. Ermənistan ordusu tərəfindən basdırılmış minaların bu ərazilərdə aparılan quruculuq işlərinə əsas maneə olduğu və işğalçı ölkənin təqdim etdiyi mina xəritələrinin dəqiqliyinin 25 faizdən aşağı olması xüsusi olaraq qeyd olunub.
Vətən müharibəsindən iki il ötməsinə baxmayaraq Ermənistanın digər qüvvələrin təsiri ilə destruktiv siyasət yürütdüyü, bunun qəbuledilməz olduğu, hansı mənbədən qaynaqlanmağından asılı olmayaraq Azərbaycana qarşı yönələn bütün təxribatların qarşısının dövlətimiz tərəfindən qətiyyətlə alınacağı vurğulanıb. Regionda sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın gündəliyində duran məsələlərin - beynəlxalq hüququn prinsiplərinə, xüsusən suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistanla əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən kommunikasiyaların açılmasının hamıya məlum olduğu və bunların həyata keçiriləcəyi qeyd olunub.
Tədbirdə Azərbaycan haqqında müxtəlif videomateriallar, o cümlədən Şuşa şəhəri, 8 Noyabr Zəfər Günü, Zəfər Paradı, Hərbi Qənimətlər Parkı, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş olunub. Qəbul Azərbaycanın klassik və xalq musiqisi sədaları altında keçirilib.
Tədbir yerli kütləvi informasiya vasitələrində işıqlandırılır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid