SİYASƏT
Efiopiyada şəhidlərimizin nurlu xatirəsi yad edilib
Madrid, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyində şəhidlərin Anım Gününün ikinci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Efiopiyadakı diplomatik korpusun rəhbərləri və nümayəndələri, KİV təmsilçiləri, Azərbaycan ali məktəblərinin məzunları iştirak edib.
Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsi bir dəqiqə sükutla yad edilib.
Sonra Azərbaycan televiziyasına (AzTV) birbaşa qoşulma təmin edilib, 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Azərbaycanın Efiopiyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünə son qoyub, Azərbaycanın ərazi bütövlüyünü təmin edib və 1 milyona yaxın azərbaycanlının əsas hüquqlarını bərpa edib.
Diplomat qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrinin həyata keçirilməsini təkbaşına təmin edib. R.Nəsibov deyib: “Ölkəmizin Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti nəticəsində qazandığımız Qələbə respublikamızın tarixində yeni dövr açıb, beynəlxalq ədaləti bərqərar edib.”
Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərinin işğalına son qoyulandan sonra Ermənistan tərəfindən bu torpaqlarda onilliklər ərzində həyata keçirilmiş genişmiqyaslı hüquqazidd hərəkətlər aşkar edilib. Azərbaycan torpaqlarının geniş miqyasda minalanmasına, Azərbaycanın tarixi, mədəni və dini irsinin məqsədyönlü şəkildə məhv edilməsinə və mənimsənilməsinə, təbii ehtiyatların talan edilməsinə, infrastrukturun dağıdılmasına və beynəlxalq hüququn digər pozuntularına dair əyani sübutlar beynəlxalq birliyin diqqətinə çatdırılıb.
Diplomat deyib ki, son iki il ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparır, o cümlədən iri infrastruktur layihələrini reallaşdırır, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz yurdlarına təhlükəsiz qayıtmasının və bu torpaqlarda həyatın dirçəldilməsinin təmin edilməsi üçün məqsədyönlü addımlar atır.
Vurğulanıb ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirmir, öz silahlı qüvvələrinin qalan hissəsini indiyə qədər regiondan çıxarmamaqla revanşizm mövqeyi nümayiş etdirir, yeni minalar basdırır, təhlükəsizliyə ciddi təhdidlər yaradır, regionda kommunikasiyaların açılması üzrə praktiki addımlar atmır, hərbi təxribatları davam etdirir və beləliklə, münaqişədən sonrakı dövrdə münasibətlərin normallaşmasına yönəlmiş səyləri ciddi şəkildə pozur.
R.Nəsibov vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn prinsipləri, ilk növbədə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsünü irəli sürür. Ermənistan nəhayət ki, danışıqların imitasiya edilməsinə son qoymalı və real, konstruktiv addımlar atmalıdır. Regionun dinc yolla inkişafı üçün başqa alternativ yoxdur.
Efiopiyanın newbusinessethiopia.com xəbər media-resursunda Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyində Anım Gününün ikinci ildönümünə həsr edilmiş “Şəhidlər günü” sərlövhəli məqalə dərc edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid