SİYASƏT
Efiopiyalı jurnalistlər Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi ilə bağlı məlumatlandırılıb
Bakı, 7 iyul, AZƏRTAC
Ermənistanın ordusunun Azərbaycanın mülki əhalisini, o cümlədən iki yaşlı Zəhranı qətlə yetirməsi ilə bağlı ölkəmizin Efiopiyadakı səfirliyində yerli jurnalistlərlə görüş keçirilib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev “Daily Nation”, “African Press Agency” və “Walta” informasiya agentliklərinin jurnalistlərinə iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və obyektlərinin qəsdən atəşə tutulması barədə söz açıb. Bu vandalizm aktının nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürüldüyü qeyd olunub. Digər mülki şəxsin ağır yaralandığı və mülki obyektlərə ciddi ziyan vurulduğu jurnalistlərin diqqətinə çatdırılıb.
Səfir cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirərək, Azərbaycanın torpaqlarının 20 faizini hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirmədiyini və bir milyondan çox qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına qayıda bilmədiklərini vurğulayıb. Efiopiya və digər Afrika ölkələrinin ictimaiyyətlərinə müraciət edən E.Abdullayev Ermənistan tərəfindən törədilmiş bu vandalizm aktının beynəlxalq səviyyədə pislənməsinin xüsusi önəm daşıdığını, artıq bir neçə ölkənin və beynəlxalq təşkilatın Ermənistanı bu qeyri-insani addımına görə ittiham etdiyini bildirib.
Diplomat Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi olduğunu jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, bu amil münaqişənin həllində başlıca maneədir.