DÜNYA


Efiopiyanın Nil çayı üzərindəki bənddə ikinci turbini işə salması Misiri hərəkətə keçirib

Qahirə, 12 avqust, AZƏRTAC

Nil çayı üzərində Böyük Efiopiya Renessans Bəndinin əlavə su ilə doldurulması və bu ölkənin Baş naziri Abiy Əhmədin bəndin üzərindəki ikinci turbinin istifadəyə verildiyini elan etməsi Misir hökumətini hərəkətə keçirib. Rəsmi Qahirə bununla bağlı BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb və misirlilərin həyat mənbəyi olan su ehtiyatının azalması nəticəsində baş verə biləcək hər hansı münaqişənin məsuliyyətinin Əddis-Əbəbənin üzərinə düşdüyünü bəyan edib.

AZƏRTAC xəbər verir ki, bəndin üzərindəki ikinci turbinin işə salınması mərasimində çıxış edən Efiopiyanın Baş naziri Misir və Sudanın maraqlarına zərər vurmadan öz ölkəsinin elektrik enerjisinə olan tələbatını ödəmək istədiyini bildirib. O əlavə edib ki, bənddə qalan 11 turbini işə salmaq məqsədilə 22 milyard kubmetr su doldurulacaq və bunun qonşu ölkələrin su təchizatına ciddi təsiri olmayacaq. Efiopiyanın Baş naziri ikinci turbinin istifadəyə verilməsi ilə bəndin elektrik enerjisi gücünün 540 meqavata çatdığını bildirib.

Misir hökuməti Efiopiyanı Nil çayı sahili ölkələrinin 2015-ci ildə imzaladıqları Bəyannaməyə əməl etməyə çağırıb. Böyük Efiopiya Renessans Bəndi ilə bağlı bu ilin martında Afrika İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar da nəticəsiz olub və indi region ölkələri rəsmi Qahirənin atacağı addımları gözləyir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.