CƏMİYYƏT
Efiopiyanın birinci xanımı Azərbaycanda qadınlara göstərilən dövlət qayğısı barədə məlumatlandırılıb
Əddis-Əbəbə, 22 noyabr, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin birinci xanımı Roman Tesfaye ilə görüşüb.
Səfir Azərbaycanın hələ ötən əsrin 60-cı illərindən Efiopiya ilə təhsil və elm sahəsində yaxın münasibətlərinin olduğunu bildirib. O, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu vurğulayıb. Diplomat Azərbaycan dövləti tərəfindən qadınlara böyük diqqət və qayğının göstərildiyini qeyd edib. O, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəltdiyini, onun təşəbbüsü ilə ölkəmizdə mədəniyyətlərarası dialoqda qadının roluna həsr olunmuş və ümumiyyətlə, bir sıra müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini bildirib.
E.Abdullayev, həmçinin Azərbaycan və UNESCO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsil səviyyəsinin artırılması məqsədilə “Gənc qızların təhsili” adlı müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.
Efiopiyanın birinci xanımı Roman Tesfaye müasir dünyada, xüsusən də Afrika qitəsində gənc qızların bir çox problemlərlə üzləşdiyini bildirib. O, ölkəmizin belə problemlərin həllində geniş fəaliyyətini yüksək qiymətləndirib. Efiopiyanın birinci xanımı ölkəsinin Azərbaycan ilə bir çox aktual sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayıb.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə