MƏDƏNİYYƏT
Efiopiyanın dövlət qəzetində Mücirəddin Beyləqani haqqında məqalə dərc edilib
Əddis-Əbəbə, 14 may, AZƏRTAC
Efiopiyanın geniş oxucu kütləsinə malik rəsmi “Ethiopian Herald” qəzetində Azərbaycan poeziyasının tanınmış simalarından biri, XII əsrdə yaşamış, atası azərbaycanlı, anası həbəş olmuş şair Mücirəddin Beyləqani haqqında məqalə dərc edilib. Ölkəmizin Efiopiyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Azərbaycan ədəbiyyatının tarixi, qədim Azərbaycan torpağı Qarabağ bölgəsindən olan şairlərin Azərbaycan-türk ədəbiyyatının formalaşmasında rolu və şair Beyləqaninin yaradıcılığı barədə ətraflı məlumat verilib. Şairin əbədi irsinin Azərbaycan və Efiopiya xalqları arasında mədəni əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Məqalədə ö dövrdə yaşamış və özünəməxsus yaradıcılığı ilə seçilmiş digər Azərbaycan söz ustadları barədə də fikirlər yer alıb.
Yazıda qeyd olunub ki, XII əsrdən etibarən Mücirəddin Beyləqaninin də aid olduğu ana dilində yazan Qarabağ şairlərinin sayı tədricən artmaqda idi. Bir sıra mənbələrdə verilən məlumatlara görə, onun əsərlərindəki ideyalar intibah dövrünün ədəbi, mədəni və ictimai-siyasi mühitini əks etdirirdi.
Azərbaycanın Əddis-Əbəbə şəhərindəki səfiri Elman Abdullayev “Ethiopian Herald” qəzetinə müsahibəsində bildirib ki, hər iki ölkənin ortaq irsi olan şair Beyləqaninin yaradıcılığı qarşılıqlı faydalı xarakterə malikdir və bu fakt Azərbaycan və Efiopiya cəmiyyətlərində daha yaxından təbliğ olunmaqla, xalqlarımız arasında mədəni diplomatiyanın gücləndirilməsi baxımından əla fürsət kimi dəyərləndirilə bilər. Səfir, həmçinin qeyd edib ki, ümumilikdə, Qarabağ ədəbi mühiti Azərbaycan-türk mədəniyyətinin və ədəbiyyatının formalaşmasında qabaqcıl rol oynayıb, bir sıra faktların ilkinliyi və orijinallığı baxımından mühüm əhəmiyyətə malik olub.
Diqqətə çatdırılıb ki, Mücirəddin Beyləqaninin ədəbi irsi əsasən qəsidələrdən, qəzəllərdən və rubailərdən ibarət olub. Şair ömrünün son illərini Təbrizdə yaşayıb. O, dinlərarası əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini verib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə