CƏMİYYƏT
Ehtiram Xəlilov: Xırdalanda hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin 228 nəfər şəxsi heyəti cəlb olunub
Bakı, 26 yanvar, AZƏRTAC
Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllə adlanan ərazidə partlayış nəticəsində uçqun baş verən ikimərtəbəli yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
AZƏRTAC xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov hadisə yerinə Xidmətin 228 nəfər şəxsi heyət, 19 texnika, xüsusi təlim görmüş 4 itinin cəlb olunduğunu qeyd edib. Bildirib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin isə 20 nəfər şəxsi heyəti və 3 texnikası ərazidə xidməti davam etdirir. Dağıntılar altında qalanların olduğu ehtimal edilən bütün istiqamətlərə baxılır. Zərərçəkmişlərin ola biləcəyi nəzər alınaraq, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, nazirliyin xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas edilib, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.