SİYASƏT


Ehtiyatda olan mayora “Azərbaycan Bayrağı” ordeni təqdim edilib

Bakı, 16 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif olunub.

AZƏRTAC xəbər verir ki, həmin hərbi qulluqçulardan biri də “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş ehtiyatda olan mayor Mübariz Sayıl oğlu Qasımov idi.

Təltif olunduğu vaxtdan bir ildən də çox müddət keçməsinə baxmayaraq, orden bu gün igid zabitə təqdim edilib.

Gəncə İdeoloji və Mədəniyyət Mərkəzində bu münasibətlə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqlardan, möhtəşəm zəfər paradından ətraflı söhbət açıb. Qələbənin qazanılmasında böyük xidmətləri olan hərbi qulluqçuların fəxri adlar, döyüş orden və medalları ilə təltif edilmələri barədə danışıb. Qeyd olunub ki, Vətən, xalq və dövlət qəhrəmanlarını heç vaxt unutmur, onların Vətən naminə xidmətləri həmişə yüksək qiymətləndirilir.

Diqqətə çatdırılıb ki, ehtiyatda olan mayor M.Qasımov, eləcə də bir çox hərbi qulluqçu hələ Birinci Qarabağ müharibəsi zamanı təltif üçün təqdim olunsalar da, bu məsələ müsbət həllini tapmayıb. Yalnız dövlətimizin başçısının tapşırığı ilə Müdafiə Nazirliyinin müvafiq komissiyasının keçmiş illərdəki təqdimatları yenidən araşdırması nəticəsində onlarla hərbi qulluqçunun haqqı bərpa edilərək onların təltifləri dövlətimizin başçısı tərəfindən rəsmiləşdirilib.

Prezidentin Sərəncamını minnətdarlıqla qarşılayan mayor Mübariz Qasımov “Azərbaycan Bayrağı” ordeninin torpaqlarımız işğaldan azad edildikdən sonra ona təqdim olunması xahişi ilə Müdafiə Nazirliyinə müraciət edib.

Torpaqlarımız işğaldan azad edildikdən, müzəffər Ordumuzun Vətən müharibəsində qalibiyyətindən sonra ehtiyatda olan zabitə ordenin təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə M.Qasımovun həyat və keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Onun 1964-cü ildə Cəlilabad şəhərində doğulduğu, Azərbaycan Dövlət Politexnik İnstitutunu (indiki Texniki Universitet) bitirdiyi, ordu sıralarında xidmət etdiyi, İjevsk şəhərində və Bakıda Maşınqayırma zavodlarında mühəndis kimi çalışdığı, Qarabağ müharibəsinin başlandığı ilk gündən döyüşlərə yollandığı, Füzuli, Tərtər, Ağdərə, Goranboy uğrunda döyüşlərdə tank taqımı komandirliyindən Əlahiddə taborun komandiri, hərbi hissənin kəşfiyyat rəisi vəzifələrinədək yüksəldiyi, vaxtından əvvəl rütbələrə, fəxri fərman və qiymətli hədiyyələrə layiq görüldüyü vurğulanıb.

Gəncə Şəhər Veteranlar Şurasının sədri istefada olan polkovnik Yusif Məmmədov, döyüşçü dostu ehtiyatda olan mayor Nəbi Əmirov, Vətən müharibəsi iştirakçıları mayor Samir Səfərov, əsgərlər Əlizadə Ələsgərli, Şəmsi Eyvazov və başqaları çıxış edərək qəhrəman döyüşçünü “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunması münasibətilə təbrik ediblər.

Polkovnik Abdulla Qurbani “Azərbaycan Bayrağı” ordenini və vəsiqəni ehtiyatda olan mayora təqdim edib.

Mayor Mübariz Qasımov Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqətə və qayğıya görə minnətdarlığını bildirib. İki oğlu ilə birlikdə qalib dövlətin vətəndaşı olmaqdan böyük qürur duyduqlarını və Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan edib.

Qeyd edək ki, mayor M.Qasımov ehtiyata buraxıldıqdan sonra Gəncə şəhərində hərbçilər üçün yeni inşa edilmiş yaşayış massivində ev ilə təmin olunub və hazırda ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır, gənc nəslin vətənpərvərlik tərbiyəsi işi sahəsində səylərini əsirgəmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.