Ehtiyatda olan polkovnik-leytenant: Aprel döyüşlərində Ordumuz ilk dəfə müasir silahlarını, PUA-larını sınaqdan çıxardı VİDEO
AzerTAg.az

Bakı, 2 aprel, AZƏRTAC
Aprel döyüşləri 44 günlük Vətən müharibəsinin hazırlığı, məşqi idi. Hələ 1994-cü ildən bəri Azərbaycan Ordusu daim təlimlər keçirirdi. Ordumuzun mənsubları xarici ölkələrdə zabit kadrlarının hazırlanmasında və NATO qüvvələrinin tərkibində təlimlərdə fəal iştirak edirdilər. Yeni silah-sursat, texnika alınırdı, məşqlər, təlimlər təşkil olunurdu. Həmçinin hərbi məktəblərdə proqramlar müasirləşdirilirdi. Beləliklə, 2016-cı ilin Aprel döyüşlərinə qədər Azərbaycan Ordusu müəyyən təcrübə topladı, silahlandı, orduda yenidən təşkilatlanma aparıldı. Bunların hamısının təlim-məşqlərini keçib, düşmənə son xəbərdarlıq edildi.
Bunu ehtiyatda olan polkovnik-leytenant, Heydər Əliyev adına Hərbi İnstitutun hərb tarixi müəllimi Vüqar Əliyev AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin İkinci Qarabağ müharibəsində rolu və ordumuza döyüşdə qazandırdığı üstünlüklər barədə danışarkən deyib.
O bildirib ki, bu döyüşlərdə ilk dəfə pilotsuz uçuş aparatları (PUA) tətbiq olundu. Azərbaycan bu günədək təlimlərdə məşq etdiklərinin əksəriyyətini düşmən üzərində icra etdi. Lakin düşmən bundan nəticə çıxarmadı. Həmin döyüşlərdə düşmən həm canlı qüvvə, həm texnika, həm də ərazi baxımından ağır itkilər verdi.
“Əsas strateji yüksəkliklər, o cümlədən Lələtəpə düşməndən azad olundu. Bu hakim yüksəklik 15 kilometr məsafədə ərazini müşahidə etmək imkanı verdi. Lələtəpə düşmən tərəfində olanda biz onların fəaliyyətlərini, yerdəyişmələrini izləyə bilmirdik. Bu, yalnız kəşfiyyat vasitəsilə mümkün idi. Amma Lələtəpəni aldıqdan sonra artıq düşmən ərazilərimizə, yerdəyişməyimizə, hərəkətimizə nəzarət imkanlarını itirdi. Biz isə onların artıq dərinlikdəki qüvvələrini görürdük, müşahidə edirdik. Bu da öz növbəsində Vətən müharibəsi zamanı bizə böyük üstünlük verdi. Düşmən bundan əvvəl aldığı zərbədən nəticə çıxarmamışdı. Lakin 44 günlük müharibədə son cavabını aldı və ordumuz Qələbə qazandı”, - deyə hərb tarixi müəllimi vurğulayıb.
Onun sözlərinə görə, Lələtəpənin alınması İran sərhədinə qədərki ərazilərə, həmçinin atəş məsafəsindəki Cocuq Mərcanlı kəndinə, eyni zamanda, yerli əhalinin rahat yaşaması üçün çoxlu yaşayış məntəqələrinə ordumuzun müşahidə aparmasına şərait yaratdı. Belə ki, Aprel döyüşlərindən əvvəl düşmən Lələtəpə yüksəkliyindən yerli əhalini atəşə tutur, əkin-biçin işlərinə mane olurdu. Həmçinin ordumuzun hərəkətlərini izləyirdi. Bu yüksəkliyin alınması ilə düşmən artıq dərinliyi müşahidə edə bilmədi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qısa müddətdə Cocuq Mərcanlı kəndində yenidənqurma işləri aparıldı, əhali ora köçürülərək təhlükəsiz şəraitdə yaşamağa davam etdi.
Azərbaycan Ordusuna Aprel döyüşlərinin qazandırdığı təcrübədən danışan polkovnik-leytenant qeyd edib ki, bu döyüşlərdə Ordumuz ilk dəfə müasir silahları, o cümlədən pilotsuz uçuş aparatlarını və ən müasir tank əleyhinə idarəolunan raket komplekslərini sınaqdan çıxardı. O zamana kimi biz televizorda ABŞ-nin İraqda və Əfqanıstandakı döyüşlərdə pilotsuz uçuş təyyarələrinin havada uçaraq uzaq məsafədən hədəflərə zərbələr endirdiyini görürdük.
“Aprel döyüşlərində hədəfi görərək onu partladan kamikadze silahı, eyni zamanda, müəyyən hündürlükdə kəşfiyyat tapşırıqları yerinə yetirən PUA-lar, həmçinin digər silahlar istifadə edildi. Həmçinin kamikadze, müşahidə və zərbə dronları birgə tətbiq olundu. Bunların hamısının birgə istifadəsi uğurla sınaqdan çıxarıldı. Sonralar müəyyən təkmilləşdirmələr aparılmaqla bunun Vətən müharibəsində uğurlu tətbiqinin media vasitəsilə hamı şahidi oldu”, - deyə Vüqar Əliyev söyləyib.
Xəbərin mətnində orfoqrafik səhv var