ELM VƏ TƏHSİL
“Eko səyahət” qısa film müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Nizami Kino Mərkəzində “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi çərçivəsində təşkil edilən “Eko səyahət” respublika uşaq qısa film müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər, nazirliyin həyata keçirdiyi ekoloji layihələr barədə məlumat verib. Ətraf mühitin çirklənməsinin insan sağlamlığına mənfi təsir etdiyini deyən nazir müavini reallaşdırılan ekoloji aksiyaların, maarifləndirmə tədbirlərinin çirklənmənin qarşısının alınmasına töhfə verəcəyini diqqətə çatdırıb. F.Qurbanov bildirib ki, layihə dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq fasiləsiz ekoloji təhsilin təmin edilməsi, məktəblilərin ətraf mühitin mühafizəsi prosesində iştirakının artırılması məqsədi daşıyır. Qeyd edilib ki, layihənin icra planına əsasən seçilmiş hədəf bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində müvafiq sahə üzrə çalışan metodist və dərnək rəhbərləri üçün ekoloji maarifləndirmə təlimləri keçirilib. Layihə çərçivəsində, həmçinin ekoloji problemlərə ictimai diqqətin artırılması məqsədilə “Eko səyahət” film müsabiqəsi təşkil edilib. Şagirdlər müsabiqəyə çox böyük maraq göstəriblər. Müsabiqədə 710 şagird iştirak edib və seçim mərhələsinə 112 videoçarx təqdim olunub. Nazir müavini qalibləri təbrik edib, müsabiqədə qüvvəsini sınayan hər kəsə minnətdarlığını bildirib.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ətraf mühitə antropogen təsirlərin nəticəsi olaraq iqlim dəyişikliklərinin baş verdiyini və bunun qarşısıalınmaz fəlakətlərə səbəb olacağını bildirib. O, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işləri yüksək qiymətləndirib, keçirilən ekoloji maarifləndirmə tədbirlərinin, aksiya və kampaniyaların əhəmiyyətini vurğulayıb.
Sonra müsabiqədə ilk üç yerin sahiblərinin adları açıqlanıb. Balakən rayonu 2 nömrəli tam orta məktəbin şagirdləri birinci, Bakı şəhəri 20 nömrəli məktəbin şagirdləri ikinci, Göygöl rayonu texniki, təbiət fənləri təmayüllü lisey və Neftçala rayonu Yeni Qışlaq tam orta məktəbin şagirdləri üçüncü yerə layiq görülüblər.
Qaliblər diplom və mükafatlarla təltif olunublar. Bundan əlavə, 13 videoçarxın müəllifinə həvəsləndirici mükafatlar təqdim edilib.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-UNICEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq keçirilib.