İQTİSADİYYAT


Eko-sürücülük metodologiyası üzrə təlim keçən SOCAR işçilərinə sertifikatlar verilib

Bakı, 19 aprel, AZƏRTAC 

Eko-sürücülük metodologiyası üzrə nəzəri və praktiki təlimlər keçən SOCAR-ın Nəqliyyat İdarəsinin işçilərinə sertifikatlar verilib.

AZƏRTAC xəbər verir ki, aprelin 19-da BMT və SOCAR-ın birgə həyata keçirdiyi “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” - NAMA layihəsi çərçivəsində əldə edilən və 1 saylı Nəqliyyat Departamentinin ərazisində quraşdırılan Eko-sürücülük simulyatoruna baxış keçirilib. Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP/BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai və SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirak edib.

Eko-sürücülük simulyatoru sifariş əsasında Azərbaycanın yol və iqlim şəraitinə, yol hərəkəti qaydalarına uyğunlaşdırılıb. Simulyator vasitəsilə ildə 1000-ə yaxın minik, avtobus və yük maşınları sürücüləri üçün təlim keçmək imkanı yaradılıb. Eko-sürücülük sayəsində ildə 1500 ton karbon emissiyasının havaya atılmasının qarşısını almaq mümkün olacaq. Bu da 600 ton yanacağa qənaət deməkdir. Belə ki, aparılan hesablamalara görə, keçirilən təlimlər nəticəsində SOCAR üzrə istifadə olunan yanacağın ümumi həcmində 5 faiz, yəni təqribən ildə 1 milyon litr yanacağa qənaət edilə bilər. Beynəlxalq təcrübəyə əsasən, enerji səmərəliliyi və təhlükəsizliyi mövzusunda təlim keçmiş sürücülər nəqliyyat vasitələrinin emissiyalarını ən azı 10-15 faiz azaltmaq imkanına malik olurlar. Layihə çərçivəsində birinci fazada 4 ədəd hibrid tipli minik avtomobili SOCAR-ın sürücülərinin ixtiyarına verilib.

Eko-sürücülük metodologiyası üzrə nəzəri və praktiki təlimlər keçən SOCAR-ın Nəqliyyat İdarəsinin 10 nəfər işçisinə sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.