İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC-dəki qurğularda təmir işləri aparılıb
Bakı, 19 may, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-dəki qurğularda təmir işləri aparılıb.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, QSC-nin xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların daim işlək vəziyyətdə olması məqsədilə Elektromexanika sexi əvvəlki illərdə olduğu kimi cari ilin müvafiq dövründə də məqsədyönlü fəaliyyət göstərib. Bu ilin birinci rübündə Elektromexanika sexinin kollektivi tərəfindən Tullantıların Emalı Departamentinin 3-cü, 4-cü, 5-ci, 6-cı sahələrində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) yüksək səviyyədə təmir işləri aparılıb. Belə ki, “Alfa Laval” dekanter qurğusunda olan bütün nasoslar əsaslı təmir edilib, “Fox-15” qurğusunun separatoru təmir olunub, qurğu yeni su təchizatı sistemi ilə təmin edilib.
Rüb ərzində Tullantıların Emalı Departamentinin 6-cı sahəsində fəaliyyət göstərən A-2 qəza anbarının ətrafına yanğından mühafizə üçün köpük xətləri çəkilərək quraşdırılıb, təhlükəsizlik qaydalarına əməl olunaraq istifadəyə verilib, parafin sahəsindəki qızdırıcı sobanın zədələnmiş və sıradan çıxmış hissələri yeniləri ilə əvəz olunub.
1 saylı qəza anbarın ətrafına qoruyucu çəpər quraşdırılıb. 1 saylı nefttutucuda sıradan çıxmış beton panel örtükləri metal konstruksiyalı örtüklərlə əvəz olunub, “Börger” nasosu və “Faset” qurğusunda olan bütün nasoslar əsaslı təmir edilib.
Sahələrdə buxar təchizatı xəttində olan nasazlıqlar aradan qaldırılıb, “BibiHeybət” sahəsindəki istixananın havalandırma sistemi yenidən bərpa edilib. Cəmiyyətin ərazisində olan bütün yarımstansiyalar, EPQ-lər və elektrik birləşmə məntəqələri mütəmadi olaraq təftiş olunur, mexaniki təmizlənir. Qazanxanalar və qazanlar, su, qaz və hava xətləri (birləşmələr) yoxlanılır, cəmiyyətin fasiləsiz iş rejimi enerji daşıyıcıları ilə daim təmin olunur.