İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalat sahələrində abadlaşdırma və yenidənqurma işləri davam etdirilir
Bakı, 12 fevral (AZƏRTAC). ARDNŞ-in “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) prioritet ekoloji layihələr həyata keçirilməklə yanaşı, istehsalat sahələrinin abadlaşdırılmasına və yenidənqurma işlərinin yerinə yetirilməsinə də xüsusi önəm verilir. Bu məqsədlə QSC-nin fəaliyyət göstərdiyi istehsalat sahələrində vaxtaşırı təmir-tikinti, abadlaşdırma işləri aparılır və iş şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, ötən il QSC-nin Oktay Vəliyev 1 ünvandakı inzibati binasında cari təmir işləri aparılmış, nəqliyyat sexinin qaraj kompleksində yeni müasir tipli yuyucu və texniki baxış kameraları, eləcə də sürücülər otağı tikilib istismara verilmişdir. Həmçinin, Tullantıların Emalı Departamentinin 6-cı sahəsində, nasosxana binasında əsaslı təmir işləri yerinə yetirilmişdir.
Cari ildə də QSC-nin istehsalat sahələrində təmir-tikinti və abadlaşdırma işləri davam etdirilir. Hazırda QSC-nin O.Vəliyev 1 ünvandakı inzibati binasının iş otaqlarında təmir işləri aparılır və sanitar qovşağı yenidən qurulur. Bu işlərin ilin sonunadək digər istehsalat sahələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.