CƏMİYYƏT


“Ekol Mühəndislik Xidmətləri” SOCAR-ın mədən ərazilərində 90 minədək ağaca aqrotexniki xidmət göstərir

Bakı, 22 may, AZƏRTAC 

“Ekol Mühəndislik Xidmətləri” QSC SOCAR-ın idarələrinin mədən ərazilərində 90 minədək müxtəlif növ ağac, bəzək və gül kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrində yaz mövsümü işləri davam etdirilir. Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri”nin həyata keçirdiyi layihələrdən biri də, istehsalat sahələrində yerləşən inzibati binaların və reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqların salınması, aqrotexniki xidmətlərin göstərilməsidir. Xidmət sahələrində zərərli tullantıların təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və inkişafı işləri günü-gündən genişləndirilir.

Yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsini QSC-nin Torpaqların Rekultivasiya Departamenti (TRD) və İnzibati Təsərrüfat Şöbəsi (İTŞ) həyata keçirir. Təcrübəli mütəxəssislərin və bağbanların fəaliyyəti nəticəsində istehsalat sahələrindəki ağac və bəzək kollarının sayı xeyli dərəcədə artmışdır. Yaşıllıqlar müasir suvarma sistemləri ilə təchiz olunmuş, yaz mövsümü üçün aqrotexniki qaydada xidmətlər göstərilir. Bağbanların gərgin əməyi nəticəsində bütün istehsalat sahələri və inzibati binalar yaşıllıqlara bürünmüşdür. QSC-nin xidmət sahələrində texnoloji proseslərin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi də atmosferə atılan zərərli tullantıların miqdarının azalmasına və yaşıllıqların yaxşı inkişaf etməsinə öz müsbət təsirini göstərib.

Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin TRD və İTŞ-nin əməkçiləri, mütəxəssisləri, SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) 9-cu sahəsi, Qaz Emalı Zavodunun istehsalat sahəsi, “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin (NQÇİ) mədən ərazilərində yerləşən xidmət sahələrində və TRD-nin (A-4 Zığ sahəsi) inzibati binasının ərazisində 89 min 255 ədəd müxtəlif növ ağac, bəzək və gül kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərilir. Yaşıllıqların suvarılmasında əsasən mexaniki və damcı üsullarından geniş istifadə olunur ki, bu da öz səmərəli nəticələrini verməkdədir.

Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən “Ekol Mühəndislik Xidmətləri ” QSC bu sahənin fəaliyyətini əsas tərkib hissəsi kimi qəbul edərək, bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.