CƏMİYYƏT
“Ekol Mühəndislik Xidmətləri”nin nümayəndələri Almaniyadakı sərgidə iştirak ediblər
Bakı, 14 noyabr, AZƏRTAC
Almaniyanın Düsseldorf şəhərində keçirilən Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə A+A sərgisində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri də iştirak ediblər.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirən sərgidə 63 dövlətin 2121 aparıcı şirkəti qeydiyyatdan keçib. Sərgi 78 min kvadratmetr ərazini əhatə etməklə 10 sərgi salonundan ibarət təşkil olunub və buraya müxtəlif ölkələrdən gəlmiş 73 mindən çox iştirakçı qatılıb. Böyük beynəlmiləlçilik, ən yaxşı sənaye sektorlarından olan rəhbər və mütəxəssislər əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində milli və beynəlxalq qeyri-kommersiya üzrə öz işlərini və xidmətlərini təqdim ediblər.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndə heyəti sərgidə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə bir çox şirkətlərin rəhbər və mütəxəssisləri ilə görüş keçiriblər. Görüşlər zamanı onların təklif etdikləri xidmətlərlə yaxından tanış olub və öz xidmətlərini təklif ediblər.