CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Nəqliyyatında Baş Polis İdarəsi ilə əməkdaşlığa başlayıb
Lənkəran, 30 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsi ilə əməkdaşlığa başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, oktyabr ayından ov mövsümünə də start verilir. Ov mövsümü başlamazdan əvvəl Su Nəqliyyatında Baş Polis İdarəsi ilə birgə tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub: "Qanunsuz balıq ovu, brakonyerlik və başqa qanunsuzluqların qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər güc strukturları ilə birgə tədbirlər planlaşdırır. Yaxın vaxtlarda biz bu məsələlərlə bağlı birlikdə mühafizə işlərini həyata keçirəcəyik".
Xidmət rəisi bildirib ki, Qızılağac Milli Parkının ərazisinin böyük hissəsi su-bataqlıq olduğundan həmin ərazidə su polisi ilə xüsusi əməkdaşlıq nəzərdə tutulub: "Həmin ərazilərdə qanunsuzluq törədən vətəndaşlarla bağlı məlumatlar dərhal polisə ötürüləcək və iki qurum arasında sıx informasiya mübadiləsi əməkdaşlığı ediləcək".