CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ana təbiətə ildən-ilə daha mühafizəkar yanaşır

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycanda ətraf mühitin və onun komponentlərinin mühafizəsinə xüsusi diqqət yetirilir. Hər il müxtəlif aksiyalar, kampaniyalar təşkil olunaraq vacib problemlərə diqqət cəlb edilir.

Ölkəmizdə təbiət və onun ünsürlərinin müdafiəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarəti altındadır. Nazirlik ildən-ilə ana təbiətə daha mühafizəkar yanaşır, mövcud problemlərin həlli, fauna və flora növlərinin qorunması istiqamətində mühüm işlər görür. Nazirlik bu fəaliyyətini ötən il də davam etdirib.

Belə ki, Xəzər dənizində və daxili su hövzələrində vətəgə əhəmiyyətli qiymətli balıq növlərinin sayının bərpası məqsədilə nazirliyin balıqartırma müəssisələri tərəfindən 376,8 milyon müxtəlif növ balıq körpəsi respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılıb. Balıq körpələrinin 52,11 milyonu süni üsulla, 324,69 milyonu isə təbii kürüləmə yolu ilə artırılıb.

Ötən il, həmçinin 103 tona yaxın siyənək balığının ovuna kvotalar ayrılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 hüquqi və 181 fiziki şəxsə balıq və digər su bioresurslarından sənaye məqsədləri üçün istifadə etmək hüququ verib. Buna görə də 1087 ton kilkə, 102,8 ton siyənək və 517,3 ton axçalı balıqların ovuna kvotalar ayrılıb.

Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsini artırmaq, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısını almaq və bütövlükdə ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərib. Bununla yanaşı, 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatına görə, görülmüş tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib. Həmçinin 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ötən il, ümumilikdə, meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib. Bunların 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb.

Bu il meşə fondu torpaqlarında 14 min 30 hektar ərazidə müxtəlifcinsli ağacların əkiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyinin fonduna ötən il üç eksponat gətirilib. Həmin nümunələr Gədəbəyin Soyuqbulaq kəndindən gətirilmiş qalenitli, sfaleritli, kvarslı süxur, muzey əməkdaşlarının Bayıl yamacından götürdüyü qabıq əhəngdaşı və Xəzəryanı sahil zolağının Şahağac sahəsində aşkarlanmış avgit-maqnetit qumlarıdır.

Milli parklarda ekoturizmin inkişafına xüsusi diqqət yetirilir. Elə bu səbəbdən də milli parklarımızı ziyarət edən turistlərin sayı ildən-ilə artır. Ötən il Azərbaycanın milli parklarını 79 min 997 turist ziyarət edib. Onlardan 72 min 519-u yerli, 7478-i isə xarici vətəndaş olub.

Hazırda Azərbaycanda 10 milli park fəaliyyət göstərir. Sonuncu milli park – Qızılağac Milli Parkı ötən il ölkə başçısının müvafiq Sərəncamı ilə yaradılıb.

Keçən il plastik və polietilen məhsullardan istifadənin azaldılması istiqamətində görülən tədbirlərlə də yadda qalıb. Ölkənin müxtəlif bölgələrində plastik qabların toplanılması üçün konteynerlər yerləşdirilməyə başlanıldı. Plastik qablaşdırma tullantılarının toplanması üçün 37 şəhər və rayonda 153 konteyner quraşdırılıb. Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işləri davam etdirilir, polietilen torbalara alternativ olan parça və kağız torbaların istehsalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir.

Geridə qoyduğumuz ildəki nəticələr və görülən işlər nazirliyin uğurlu tədbirlər silsiləsini bu il ərzində də davam etdirəcəyini və daha böyük nailiyyətlər əldə edəcəyini deməyə əsas verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.