CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi könüllülər arasında bilik yarışması keçirəcək
Bakı, 24 yanvar, AZƏRTAC
Fevralın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova yanvarın 24-də keçirilən mətbuat konfransında deyib.
Nazirliyin sözçüsü bildirib ki, müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, koordinasiya işinin təkmilləşdirilməsinə və əlaqələrin möhkəmlənməsinə dəstək verməkdir.
Nazirliyin mətbuat katibinin sözlərinə görə, “Xəmsə” formatında təşkil olunacaq bilik yarışmasında 15-ə yaxın dövlət qurumunun könüllü komandası iştirak edəcək və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.