CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə ilə örtülü ərazilərin genişləndirilməsi üçün ağacəkmə aksiyalarını davam etdirir VİDEO

Bakı, 14 dekabr, Göyçək Mahmudlu, Bağır Əliyev, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyası dekabrın 14-də Masallı rayonunda davam etdirilib.

AZƏRTAC xəbər verir ki, elm xadimlərinin, kənd sakinlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən aksiya zamanı rayonun Güllütəpə kəndinin yaxınlığındakı boş meşə fondu torpaqlarının 20 hektar sahəsində, eyni zamanda, əvvəllər yanğına məruz qalmış meşə ərazisində meyvə və meşəcinsli tinglər əkilib, meşəcinsli ağacların toxumları səpilib.

Ağacəkmədə iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, meşəbərpa tədbirləri həyata keçirməklə həm təbiətə töhfə vermiş olduq, həm də ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş, Azərbaycanda təbiəti mühafizə və ekologiya elminin banisi, görkəmli alim, akademik Həsən Əliyevin xatirəsini yad etdik.

Ağacəkmə aksiyasında iştirak edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, bu gün şəxsən özü 10 meyvə ağacı əkib: "Kəndə yaxın meşə ərazisində meyvə ağaclarının əkilməsi təqdirəlayiqdir. Çünki bir neçə ildən sonra kənd əhalisi əkilən ağacların meyvələrindən faydalanacaq. İnanırıq ki, insanlar meyvə ağaclarını kəsməyəcəklər. Ona görə də meşə fondu sahələrində meyvə ağaclarının əkilməsini, ümumiyyətlə, boş meşə sahələrində aqrobağların salınmasını yüksək qiymətləndiririk.

Akademik Həsən Əliyevin Azərbaycanda yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində mühüm xidmətləri olub. Çox sevindirici haldır ki, onun meyvə ağaclarının əkilməsi və yeni yaşıllıqların salınması ideyaları bu gün davam etdirilir".

Aksiyaya qatılan elm xadimləri ağac əkməklə həm ölkəmizin yaşıllaşdırılmasında, həm də akademik Həsən Əliyevin ideyalarının gerçəkləşdirilməsində pay sahibi olduqlarından qürur duyduqlarını bildiriblər.

Ağac əkən yerli sakinlər, ətrafda yaşayan kəndlərin əhalisi də meşə ərazilərinin genişləndirilməsini xeyirxah bir tədbir kimi qiymətləndirib və əkilən ağacların qorunmasında yaxından iştirak edəcəklərini bildiriblər.

Rayon ağsaqqalı Sərhat Məmmədov yerli sakinlərin aksiyaya həvəslə qoşulduğunu vurğulayıb: "Hər birimiz əkdiyimiz ağacla rayonumuzun meşəsinə töhfə vermiş olduq. Söz veririk ki, meşəni də, əkilən ağacları da gələcək nəsillər naminə qoruyacağıq".

Rayon sakini Ülviyyə Dadaşova ağacəkmə aksiyasına ailəsi ilə birgə qoşulduğunu deyib: "Qonşu kənddən gəlib aksiyaya qoşulmuşuq. Sevinirəm ki, əkilən ağaclar meyvə ağaclarıdır. Bir neçə ildən sonra həm ağacların meyvələrini dərəcəyik, həm də əkdiyimiz ağacların kölgəsində dincələcəyik. Onu da qeyd edim ki, kəndimiz hələ də qazlaşdırılmayıb. Buna görə də bizim oduna ehtiyacımız var. Yemək bişirmək, evi isitmək üçün odun tədarükü etmək məcburiyyətindəyik. Əvvəllər meşə sahələrinə gedib odunu özümüz tədarük edirdik. Bu, həm təhlükəli, həm də çətin idi. Hazırda bizim işimiz rahatlaşıb. İndi meşə idarəsi odunu özü tədarük edir və odun yanacağına olan tələbatımız ödənilir. Həm bizim işimiz asanlaşıb, həm də meşələrə müdaxilənin qarşısı alınıb".

Ağacəkmə aksiyasından sonra elm xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə akademik Həsən Əliyevin ölkəmizdə meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarının salınmasındakı əvəzsiz xidmətlərindən söhbət açılıb, bundan sonra da ölkədə meşə ilə örtülü ərazilərin miqyasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.