CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində reydləri davam etdirir
Bakı, 21 fevral, AZƏRTAC
Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olmuş məlumat əsasında fevralın 21-də Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən reyd zamanı Masallı rayonu ərazisində Lerik rayon Çayrud kənd sakini Camal Kərimova məxsus “KAMAZ” markalı 43-BC-403 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib. Meşə materialını gizlətmək məqsədilə üzəri çınqılla örtülüb. Saxlanılan yük maşını Masallı Rayon Polis Şöbəsinə gətirilib. Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır.
Bu cür halların qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.