CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyində müşavirə keçirilib

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 29-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyənləşdirilmiş istiqamətlər üzrə konkret vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fevralın 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazir Hüseyn Bağırov çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş və onun zəngin irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi genişmiqyaslı tədbirlər, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət nəticəsində ölkədə makroiqtisadi sabitliyə və dinamik, davamlı iqtisadi inkişafa nail olunub.

Nazir yanvarın 29-da keçirilmiş konfransda ölkə başçısının iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması məqsədi ilə həyata keçirilən tədbirlərin davam etdirilməsi və səmərəliliyinin artırılması barədə müvafiq tapşırıq və tövsiyələr verdiyini qeyd edib. Bununla əlaqədar nazirlik tərəfindən həyata keçirilmiş işlər barədə məlumat verən H.Bağırov Dövlət Proqramı çərçivəsində aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində müvafiq işlər, o cümlədən aqromeşələrin salınması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı, hidrometeoroloji müşahidə və milli monitorinq sistemlərinin modernləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının genişləndirilməsi, yerin təkində təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə müvafiq tədbirlərin görüldüyünü xüsusilə qeyd edib.

Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib.

Müşavirədə, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün atılacaq konkret addımlar təhlil olunub, proqramda aidiyyəti üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin tam şəkildə keyfiyyətlə və vaxtında başa çatdırılması üçün zəruri işlərin görülməsi barədə müvafiq göstərişlər verilib.

Tədbirin sonunda Prezident İlham Əliyevin konfransdakı çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar nazirliyin görəcəyi işlər müzakirə olunaraq istiqamətlər müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.